Qurtuluşdan inkişafa: Azərbaycanın müasir dövlətçilik modeli- ÖZƏL
16:02 Siyasət"Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlətidir. Azərbaycan qarşısında duran əsas problemləri bütünlüklə həll edib. Bunlar arasında bizim üçün ən vacib və ağır məsələ olan torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün təmin olunması, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, beynəlxalq aləmdə nüfuzumuzun artırılması, regionda və onun ətrafında həyata keçirilən iri iqtisadi layihələrin iştirakçısına çevrilməyimiz xüsusi yer tutur".
Bu fikirləri politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlamasında söyləyib:
"Təbii ki, bunların hamısı bir günün içində baş verməyib. Uzun illər ərzində Azərbaycan dövləti bu istiqamətdə çox ciddi fəaliyyət göstərib. Lakin əgər Azərbaycanda sabit və güclü dövlət qurulmasaydı, bu uğurların heç biri mümkün olmazdı. Məhz bunun əsası 15 İyun- Milli Qurtuluş Günündə qoyulub.
Həmin dövrdə Azərbaycanda idarəetmədə qeyri-sabitlik hökm sürürdü, ölkə ağır siyasi və iqtisadi vəziyyətlə üz-üzə idi. Əgər bu proseslər bir qədər də davam etsəydi, Azərbaycan dövlətçiliyi çox ciddi təhlükələrlə qarşılaşa bilərdi. Bu təhlükələrin qarşısının alınmasında Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək peşəkarlığı, daxili və xarici siyasətdə həyata keçirdiyi uzaqgörən addımlar mühüm rol oynadı.
Bütün bunlar Azərbaycanın güclü və müstəqil dövlətə çevrilməsi üçün möhkəm zəmin yaratdı. Baxmayaraq ki, ölkəmizə qarşı ciddi təzyiqlər və təsirlər mövcud idi, hətta dövlətçiliyimizin taleyi problemlə çevrilmişdi. Heydər Əliyevin həyata keçirdiyi siyasət bu təhlükələrin qarşısını aldı və Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi. Bu baxımdan Heydər Əliyev siyasəti Azərbaycanın bugünkü gücünün, sabitliyinin və regionun aparıcı dövlətinə çevrilməsinin əsasını təşkil edir".
Zeynəb Mustafazadə