Tariximizə qızıl hərflərlə yazılmış Qurtuluş

Xalqımızın tarixində böyük əhəmiyyətli və qürurlu günlərdən biri olan və ən önəmlisi tariximizə qızıl hərflərlə həkk olunmuş 15 İyun - Milli Qurtuluş Günüdür. Həmin tarixi gündən bizi otuz üç illik bir zaman məsafəsi ayırır. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün  milli varlığımızın qorunduğu və dövlətçiliyimizin xilas olunduğu gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı real məhv olmaq təhlükəsindən və dərin xaosdan xilas etdi. 
Xalqımız artıq altı ildir ki, bu günü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə və milli qürur hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. 
Ulu Öndər Heydər Əliyevin ən böyük amalı və ali arzusu torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması idi. Bu müqəddəs arzu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallığa çevrildi. Bu gün Xankəndində, Şuşada, Xocalıda, Xocavənddə, Ağdərədə, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı milli varlığımızın xilas edildiyi, dövlətimizin uçurumun kənarından döndüyü, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı, banisi kimi yazılıb.  1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. Bu siyasət nəticəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza davam edən təcavüzünün qarşısını almaq mümkün oldu.
Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Bu istiqamətdə atılan ilk mühüm addım 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması oldu. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.
1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu. Ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Bu islahatlar digər sahələrdə olduğu kimi, prokurorluq, hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin yeniləşməsində və formalaşmasında da özünü büruzə verdi. Təfərrüata varmadan demək olar ki, Qurtuluş Günü Azərbaycanın özbaşınalıqdan və parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi gündür.
Ulu Öndərin dövlətimiz üçün qoyduğu ən böyük irslərdən biri də ölkəni gələcək tərəqqiyə və parlaq gələcəyə apara biləcək layiqli siyasi varis yetişdirməsi oldu. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət yürüdən və öz prinsipial mövqeyi olan  qüdrətli bir dövlətdir..

Sumqayıt şəhər prokurorluğunun 
müstəntiqi vəzifəsi üzrə stajoru Elvin Muruzayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31