Asif İbrahimov: "Yaponiya ilə investisiya sazişi qeyri-neft sektoruna ciddi töhfə verəcək" – ÖZƏL

"Azərbaycan və Yaponiya arasında İnvestisiyaların Təşviqi və Qarşılıqlı Qorunması Sazişinin imzalanmasının gündəmə gəlməsi ölkəmiz üçün mühüm iqtisadi hadisə hesab oluna bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. İqtisadçı bildirib ki, beynəlxalq təcrübə göstərir ki, Yaponiya belə sazişləri əsasən uzunmüddətli investisiya, texnologiya transferi və sənaye əməkdaşlığının hüquqi bazasını formalaşdırmaq məqsədilə imzalayır. Yaponiyanın Vyetnam, İndoneziya, Tailand və digər Asiya ölkələrindəki uğurlu investisiya təcrübəsi göstərir ki, investisiya sazişləri kapital axınının artmasına müsbət təsir edir. Lakin investisiyanın həcmi təkcə sazişdən deyil, ölkənin investisiya mühiti, bazar imkanları, logistika və dövlət dəstəyindən asılı olur. Azərbaycan-Yaponiya danışıqlarında enerji, infrastruktur, texnologiya, rəqəmsallaşma və yaşıl iqtisadiyyat istiqamətlərinin prioritet kimi müəyyənləşdirilməsi xüsusi diqqət çəkir. Səhv etmirəmsə,tərəflər həmçinin investisiyaların qorunması haqqında saziş üzrə danışıqların sürətləndirilməsində razılığa gəliblər. Belə olduğu halda hesab edirəm ki, saziş imzalandıqdan sonra yaxın 3-5 il ərzində Azərbaycana yüz milyonlarla dollar həcmində əlavə yapon investisiyasının cəlb olunması mümkündür. Ən yaxşı ssenari üzrə isə 1 mlrd dollardan çox olan bilər. 

Ekspertin sözlərinə görə, əsas qazanc yalnız maliyyə vəsaiti olmayacaq. Daha vacib məsələ Yaponiya texnologiyalarının, innovativ istehsal modellərinin və yüksək məhsuldarlığa əsaslanan idarəetmə mədəniyyətinin Azərbaycana gətirilməsidir.
Birgə İqtisadi Komissiyanın fəaliyyəti nəticəsində xüsusilə qeyri-neft sektoru, sənaye parkları, rəqəmsal iqtisadiyyat, logistika, yaşıl enerji və texnologiya sahələrində yeni əməkdaşlıq imkanları yarana bilər. Bu isə ölkə iqtisadiyyatının şaxələndirilməsi strategiyasına ciddi töhfə verəcək. Azərbaycanın məqsədi yalnız investisiya cəlb etmək deyil, eyni zamanda yapon təcrübəsini ölkəyə gətirərək yüksək əlavə dəyər yaradan iqtisadi model formalaşdırmaq olmalıdır. Uzunmüddətli perspektivdə məhz texnologiya transferi və insan kapitalının inkişafı yatırılan sərmayənin həcmindən daha böyük iqtisadi effekt verə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31