Rusiya regiondan silinir: KTMT niyə Türkiyənin Qafqazdakı gücündən qorxur? – ÖZƏL

KTMT baş katibinin müavini Valeri Semerikov təşkilatın qərb səhlərlərində vəziyyətin gərgin olduğunu, ABŞ, Aİ və Türkiyənin Qafqazda artan təsirinin isə yeni gərginlik mənbəyi yaradacağını bildirib. 

KTMT niyə Türkiyəni hədəf göstərir?

"Cənubi Qafqaz tədricən Rusiyanın təsir dairəsindən çıxır. Düzdür, Rusiyanın regionda hələ də müəyyən mövqeləri var, lakin digər güclərin də bölgəyə daxil olması və təsir imkanlarını artırması artıq açıq şəkildə müşahidə olunur. Ermənistanda keçirilən son seçkilər də göstərdi ki, Rusiya bu ölkədə ciddi şəkildə mövqelərini itirir. Eyni zamanda, Gürcüstanda və Azərbaycanda da Rusiyanın təsir imkanlarının əvvəlki qədər güclü olmadığı görünür".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bütün bunlar Moskvanı narahat edir. KTMT baş katibinin müavininin son açıqlaması da məhz bu narahatlığın ifadəsidir və Rusiyanın maraqlarına xidmət edən bir mövqe kimi qiymətləndirilə bilər. Əslində Rusiya dolayısı ilə demək istəyir ki, onun maraqları təmin olunduğu təqdirdə regionda təhlükəsizlik mövcuddur, əgər Rusiyanın təsiri zəifləyirsə, deməli, təhlükəsizlik də risk altına düşür. Halbuki burada təhlükəsizliyin pozulmasından daha çox Rusiyanın maraqlarının zədələnməsindən söhbət gedir.
Bölgədə təhlükəsizlik mühitinin korlanması ilə bağlı deyilənlər reallığı tam əks etdirmir. Əksinə, digər böyük güclərin regiona daxil olması müəyyən mənada güc balansı yaradır və daha sabit bir mühit formalaşdırır. Dünyanın bir çox bölgəsində müxtəlif güc mərkəzlərinin paralel təsir imkanlarına malik olması sabitliyi artırır. Bu, regionun yalnız bir dövlətin və ya bir qütbün təsiri altında qalmasından daha sağlam model hesab oluna bilər.

"KTMT rəsmilərinin Türkiyəni də hədəfə alan açıqlamalar verməsi isə Ankaranın bölgədə artan nüfuzuna reaksiyadan irəli gəlir. Lakin onlar anlamalıdırlar ki, tarix boyu Türkiyə və ümumilikdə türk dünyası bu coğrafiyada mühüm rol oynayıb. Elə dövrlər olub ki, regionun əsas siyasi gücü məhz türk dövlətləri olub və həmin zamanlarda Rusiyanın bu bölgədə təsiri belə mövcud deyildi. Sonrakı dövrlərdə Rusiya müəyyən tarixi şəraitdən istifadə edərək regiona daxil oldu, burada öz hakimiyyətini qurdu və uzun müddət dominant mövqe tutdu. Lakin görünən odur ki, həmin dövr artıq sona yaxınlaşır. Rusiya isə bu reallıqla barışmaq istəmir, bölgədə qalmağa, öz təsir imkanlarını və maraqlarını qorumağa çalışır. Amma açıq şəkildə görünür ki, mövcud geosiyasi şəraitdə formalaşan güc balansı artıq Rusiyanın xeyrinə işləmir. Regionda yeni reallıqlar yaranır və bu reallıqlar əvvəlki təsir mexanizmlərinin tədricən zəiflədiyini göstərir", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31