Bakı-Tokio iqtisadi xətti güclənir: Yeni saziş hansı imkanlar açacaq?- ÖZƏL
12:41 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya iki günlük rəsmi səfəri çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Motegi ilə görüşüb. Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsini, Birgə İqtisadi Komissiyanın 12-ci iclasının nəticələrini müzakirə edib və İnvestisiya Sazişinin tezliklə yekunlaşdırılmasının vacibliyini vurğulayıblar. Görüşdə Yaponiyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğu bir daha qeyd edilib.
Tezliklə imzalanması gözlənilən İnvestisiya Sazişi Azərbaycana hansı həcmdə yapon investisiyası cəlb edə bilər? Birgə İqtisadi Komissiyanın qərarları Azərbaycanın qeyri-neft sektorunun, xüsusən də texnologiya sahəsinin inkişafına necə təsir edəcək?Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" İnvestisiya Sazişinin tezliklə imzalanması Azərbaycan üçün əlverişli investisiya mühitinin daha da güclənməsinə xidmət edə bilər. Bununla belə, sazişin ölkəyə nə qədər yapon investisiyası cəlb edəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. İnvestisiya axınının həcmi qlobal iqtisadi şəraitdən, investorların marağından, həyata keçiriləcək layihələrin sayından və Azərbaycanın biznes mühitinin rəqabət qabiliyyətindən asılı olacaq. Saziş investorların hüquqlarının qorunmasını gücləndirərsə, Yaponiya şirkətlərinin enerji, nəqliyyat, logistika, sənaye və yüksək texnologiyalar sahələrinə marağının artmasına şərait yarada bilər.
Birgə İqtisadi Komissiyanın qərarları isə Azərbaycanın qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərə bilər. Xüsusilə texnologiya sahəsində Yaponiya ilə əməkdaşlığın genişlənməsi qabaqcıl texnologiyaların transferinə, innovasiya fəaliyyətinin güclənməsinə və yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına kömək edə bilər. Yapon şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələr rəqəmsallaşma, sənaye avtomatlaşdırılması, süni intellekt və yüksək texnoloji istehsal sahələrinin inkişafını sürətləndirə bilər.
Bundan əlavə, iqtisadi əməkdaşlığın dərinləşməsi Azərbaycan məhsullarının yeni bazarlara çıxış imkanlarını genişləndirə, qeyri-neft ixracının artmasına və iqtisadiyyatın daha dayanıqlı şəkildə şaxələndirilməsinə töhfə verə bilər. Nəticədə, Birgə İqtisadi Komissiyanın qərarları və gələcək İnvestisiya Sazişi uzunmüddətli perspektivdə ölkənin texnoloji potensialının və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yarada bilər".
Zeynəb Mustafazadə