Müxalifət Ermənistandakı parlament seçkilərinin nəticələrinin ləğvini tələb edir – ÖZƏL
12:29 SiyasətOlaylar.az xəbər verir ki, "Güclü Ermənistan" partiyalar blokunun üzvü, vəkil Aram Vardevanyan Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında jurnalistlərə açıqlamasında iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin etibarsız sayılması barədə rəsmi ərizə təqdim etdiklərini bildirib. Onun sözlərinə görə, sənəddə səslərin yenidən hesablanması və seçki nəticələrinin ləğvi tələb olunur.
Müxalifət rəsmisi seçki prosesində inzibati resurslardan geniş istifadə edildiyini, repressiya mühitinin hökm sürdüyünü və hakim "Vətəndaş müqaviləsi" partiyasının xalqın etimadını qazana bilmədiyini vurğulayıb. Vardevanyan ciddi prosedur qayda pozuntularına diqqət çəkərək qeyd edib ki, təxminən 100 min vətəndaşın səsi pasportların texniki cihazlarla yoxlanılması əvəzinə, məlumatların əllə daxil edilməsi ilə qeydə alınıb. Həmçinin, seçkilər ərəfəsində qəbul edilmiş qanun dəyişiklikləri səbəbindən 17 min bülleten qanunsuz olaraq etibarsız sayılıb, 5 min vətəndaşın seçki məntəqəsini dəyişmək müraciəti rədd edilib, məntəqələrdə isə müxalifətin müşahidəçilərinə qarşı təzyiqlər və həbslər baş verib. Vəkil hüquqi sistemdəki problemlərə baxmayaraq, blokun lideri Samvel Karapetyanın bir ildir qanunsuz həbsdə saxlanıldığını xatırladaraq, bütün hüquqi və siyasi mexanizmlərdən sona qədər istifadə edəcəklərini bəyan edib. MSK-nın bu müraciətə növbəti bazar günü, seçkilərin yekun nəticələrinin elan olunacağı iclasda baxacağı gözlənilir.