Ulu öndər xalqın milli həmrəyliyinə nail oldu- ÖZƏL

"15 iyun bir həqiqəti təsdiq etdi ki, Heydər Əliyevsiz Azərbaycan məşəqqətlər, faciələr yaşadı. Xalqımızın Heydər Əliyev kimi övladı olmasaydı miskin həyat bizi qapıda gözləyirdi. Həmin mürəkkəb dövrdə xarici və daxili düşmənlərin tribunasına, pozuculuq plasdarmına çevrilmiş ölkəmiz xaosa meydan vermişdi". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Avantüristlərin hakimiyyəti zəbt etməsi, yarıtmaz fəaliyyətləri Azərbaycanı uçuruma sürükləyirdi. Məsuliyyətsiz idarəetmənin acı mənzərəsi kimi işsizlik, sosial böhran və humanitar fəlakət həmrəyliyi sarsıtmış, vətəndaş müharibəsi təhlükəsini gündəmə gətirmişdi. Ölkədə kriminal vəziyyət o həddə çatmışdı ki, ictimai sabitlik demək olar ki, pozulmuşdu. Hərc-mərcliyin fonunda düşmən torpaqlarımızı işğal edir, dövlət idarəçiliyi isə daxildə parçalanma və qarşıdurmalarla üz-üzə qalırdı. Belə bir vəziyyət ölkəni dərin böhrana və təhlükəli vəziyyətə aparırdı. Məqsədli şəkildə qızışdırılan separatizm alovu isə dövlətin təməl prinsiplərini sarsıdır, milli birliyə zərbə vurur, ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoyurdu. Dövlətçiliyin əsaslarına yönələn bu təhdidlər Azərbaycanın gələcəyini ciddi təhlükə altına salmışdı. Ölkəni bu fəlakətli vəziyyətdən çıxarmaq möcüzəyə bərabər sayılırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev uzaqgörən siyasəti, möhkəm siyasi iradəsi və zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı uçurumun kənarından geri çəkərək dünyanın diqqət mərkəzinə çıxardı.

Xalqın milli həmrəyliyinə nail olan Ulu öndər asayişi bərpa etdi, cinayətkarlıqla mübarizəni intensivləşdirdi, dövlət idarəçiliyini möhkəm hüquqi-siyasi əsaslar üzərində yenidən quraraq ölkədə sabitlik və inkişaf mühitinin formalaşmasına nail oldu. Vətəndaş cəmiyyətinin formalaşdırılması, konstitusion əsasların yaradılması və müasir dövlət idarəçiliyi mexanizmlərinin qurulmasını özünəməxsus zərgər dəqiqliyi ilə həyata keçirən Prezident Heydər Əliyev Azərbaycanın iqtisadi təməllərini də möhkəmləndirdi. Böyük siyasi iradə və qətiyyət nümayiş etdirərək "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bununla da ölkəyə xarici investisiyaların axını təmin edildi, iqtisadi dirçəlişin əsası qoyuldu. Paralel şəkildə ordu quruculuğu prosesi sürətləndirildi, dövlətin müdafiə potensialı gücləndirildi və gələcək tarixi qələbələrin möhkəm təməli formalaşdırıldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31