Milli müstəqilliyimizin əbədiliyinin təmin edildiyi gün- ÖZƏL

"Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı, bünövrəsi də dahi şəxsiyyət Heydər Əliyevin müstəqilliyimizin ilk illərində hakimiyyətə qayıtdığı gün, milli müstəqilliyimizin əbədiliyinin təmin edildiyi gün qoyuldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxdı". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "O illərdə böyük faciələrlə, çətinliklərlə üz-üzə qalan Azərbaycan xalqı Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaosdan, anarxiyadan qurtula bildi. Ulu Öndər Heydər Əliyevin siyasi faəliyyətinin fəlsəfəsini milli birlik, vətandaş həmrəyliyi prinsipi təşkil edirdi. Dövlətlərarası münasibətlərə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail oldu. Həmin dövrdə Heydər Əliyev beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırdı.

1993-cü il 15 iyundan bu günə kimi Azərbaycan əsrə bərabər inkişaf yolu keçdi. Dahi rəhbər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan verərək, onu daimi yüksəliş yoluna çıxarıb. Ulu Öndərin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği sayəsində Azərbaycan bu gün etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkə kimi tanınır.

Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixində dövlətçiliyin qorunub saxlanılması, siyasi sabitliyin bərpası və ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm mərhələ hesab olunur. 1993-cü ilin iyununda baş verən hadisələr Azərbaycanın dövlət müstəqilliyinin real təhlükə qarşısında qaldığı bir dövrdə xalqın öz xilaskar liderinə üz tutmasının və milli iradənin təntənəsinin parlaq nümunəsi kimi tarixə düşdü".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31