Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli səciyyə daşıyır- ÖZƏL
11:24 Siyasət"Dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb. Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Eyni zamanda, iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsasları da getdikcə möhkəmləndirilir. Bu baxımdan, iki dost və qardaş ölkə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət kəsb edir. Bu sənədin imzalanması ilə Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Meydana çıxan yeni çağırışlar fonunda hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi Azərbaycanın və Türkiyənin regional və beynəlxalq müstəvidə rolunun, çəkisinin artması baxımından böyük əhəmiyyət daşıyır".