Qırğızıstan və Gürcüstan arasında tarixi yaxınlaşma: Nəqliyyat və iqtisadiyyatda yeni mərhələ – ÖZƏL
11:21 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Kobaxidzenin Qırğızıstana reallaşdırdığı ilk rəsmi səfər iki ölkə arasında 34 illik diplomatik münasibətlər tarixində tarixi hadisə kimi qiymətləndirilib. Qırğızıstan Prezidenti Sadır Japarov gürcü həmkarı ilə keçirdiyi birgə brifinqdə tərəfdaşlığın qarşılıqlı etimada əsaslandığını və müntəzəm siyasi dialoqun vacibliyini vurğulayıb. Açıq və konstruktiv şəraitdə keçən danışıqlarda ticarət-iqtisadi, investisiya və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub.
Japarov gürcü tərəfdaşları ölkədəki nəqliyyat, logistika, kənd təsərrüfatı və turizm layihələrində daha aktiv iştirak etməyə çağırıb. Görüşdə xüsusilə "Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolunun Gürcüstanın liman infrastrukturu ilə əlaqələndirilməsi prioritet istiqamət kimi qeyd olunub. Mədəni-humanitar əlaqələrin inkişafına toxunan prezident gürcü idmançıları Qırğızıstanda keçiriləcək VI Ümumdünya Köçəri Oyunlarına dəvət edib. Səfər çərçivəsində tərəfdaşlığı daha da möhkəmləndirəcək və birgə layihələrin icrasına təkan verəcək bir sıra mühüm sənədlər imzalanıb.