Şuşa Bəyannaməsi regionda yeni iqtisadi reallıqları formalaşdırır- ÖZƏL

"Şuşa Bəyannaməsi regionda yeni iqtisadi və nəqliyyat reallıqları formalaşdırır. Bu layihələrin başında Orta Dəhlizin yeni nəfəsi hesab olunan və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Zəngəzur dəhlizi dayanır. Eyni zamanda, uğurla icra edilən Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi Naxçıvan Muxtar Respublikasının nəqliyyat blokadasını tamamilə yararaq onun iqtisadi potensialını maksimallaşdıracaq, Bakı-Tbilisi-Qars xəttinə inteqrasiya olunaraq Avrasiyanın ticarət xəritəsini yenidən formalaşdıracaqdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Bəyannamə çərçivəsində atılan addımlar hər iki dövlətin milli iqtisadiyyatının və ixracatının şaxələndirilməsinə xidmət edir. Qarşılıqlı investisiya qoyuluşları, əlverişli sərmayə mühitinin yaradılması işğaldan azad edilmiş ərazilərimizin sürətlə bərpasına və xüsusilə Şuşa və ətraf rayonların böyük turizm layihələrinin mərkəzinə çevrilməsinə rəvac verir.

Şuşa Bəyannaməsi həm rəsmi Bakının, həm də rəsmi Ankaranın beynəlxalq nüfuzunu qlobal miqyasda görünməmiş dərəcədə artırır. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində tərəflər xarici siyasətdə tam koordinasiyalı fəaliyyət göstərirlər. Regional və qlobal müstəvidə vahid mövqedən çıxış etmək bizim beynəlxalq arenadakı çəkimizi qat-qat artırıb.

Bu gücü tamamlamaq üçün sənəddə xaricdə yaşayan Türk və Azərbaycan diasporlarının birgə fəaliyyəti, məlumat mübadiləsi və ən əsası Birgə Media Platformasının qurulması xüsusi bəndlərlə təsbit edilmişdir. Bu gün biz təkcə döyüş meydanında və masada deyil, qlobal informasiya və diplomatiya müstəvisində də bədxahlarımıza qarşı vahid cəbhədən hücum edirik və bu, strateji maraqlarımızın qorunması üçün mühüm alətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31