Kremlin təhdidləri İrəvanın planına xidmət edir: Ermənistan KTMT-dən necə qopur? – ÖZƏL
11 İyun 16:08 Siyasət"Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı Ermənistana təzyiqləri elə də real təsir vasitəsi kimi görünmür. Çünki rəsmi İrəvan bu hərbi-siyasi alyansdakı fəaliyyətini artıq çoxdan dondurub. Ermənistan faktiki olaraq təşkilatın fəaliyyətində iştirak etmir. Əslində, ümumi götürdükdə, Ermənistan KTMT-ni qeyri-rəsmi şəkildə artıq tərk edib. Bunu həm Kremldə, həm də KTMT üzvləri tam dəqiqliyi ilə bilirlər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, rəsmi İrəvan da dolayısı ilə bu təşkilatı tərk etdiyinə dair mesajlar verir, ancaq bunu rəsmi şəkildə elan etməyə tələsmir. Əksinə, Paşinyan hakimiyyətinin hədəfi ondan ibarətdir ki, Ermənistan KTMT üzvləri tərəfindən təşkilatdan çıxarılsın. Yəni Ermənistanın bu qurumdan çıxmaqla bağlı rəsmi qərarı İrəvan tərəfindən deyil, təşkilatın üzvləri tərəfindən verilsin. Hazırda rəsmi İrəvan məhz bu taktika üzərindən hərəkət edir. Paşinyan hakimiyyətinin KTMT toplantılarını boykot etməsi, Ermənistanın qurumun fəaliyyətində iştirakdan yayınması, eyni zamanda üzvlük haqqını ödəməməsi də məhz bu taktikanın tərkib hissəsidir. Bütün vasitələrdən istifadə olunur ki, Ermənistanın təşkilatdan çıxarılmasına nail olunsun. İndi Kreml Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum etməklə və ümumiyyətlə qurumdan xaric etməklə təhdid edir. Halbuki bu təhdidlərin elə bir ciddi təsiri yoxdur. Çünki Ermənistan onsuz da KTMT-də səsvermələrdə iştirak etmir, onun fəaliyyətinə qatılmır. Bu baxımdan Ermənistanın səsvermə hüququnun dondurulması ciddi əhəmiyyət daşımır. Burada yeganə məqam ondan ibarətdir ki, son addım kimi Rusiya və onun KTMT üzrə tərəfdaşları Ermənistanı bu qurumdan kənarlaşdıra bilərlər. Rəsmi İrəvanın gözlədiyi də məhz bundan ibarətdir. Ermənistanın təşkilatdan çıxarılması İrəvanın ABŞ və Qərbin təhlükəsizlik sisteminə daha da yaxınlaşmasına şərait yarada bilər.
Ekspertin sözlərinə görə, hazırda KTMT Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma siyasəti qarşısında ciddi əngəllərdən biri kimi qalmaqdadır və rəsmi İrəvan da məhz bu əngəldən xilas olmağa çalışır. Bu baxımdan hesab edirəm ki, Rusiyanın təhdidləri elə də ciddi əhəmiyyət daşımır. Əslində Ermənistanın gözlədiyi də həmin təhdidlərin reallaşmasıdır. Ermənistanın bu qurumdan çıxması və ya çıxarılması ümumi götürdükdə KTMT-nin nə hərbi potensialına, nə də fəaliyyətinə ciddi təsir göstərə bilməz. Çünki Ermənistan çox zəif dövlətdir. Ümumiyyətlə, KTMT real mövcudluqdan uzaq bir qurumdur. Bu baxımdan Ermənistanın təşkilatdan ayrılması böyük əhəmiyyət daşımır. Bu təşkilat əsasən Rusiyanın hərbi-siyasi potensialı üzərində qurulub. Lakin Ermənistanın bu qurumdan çıxması və ya çıxarılması yaxın gələcəkdə KTMT-nin taleyi baxımından neqativ presedent yarada bilər. Çünki digər üzv dövlətlər də nə vaxtsa Rusiya ilə münasibətləri gərginləşərsə, təşkilatdan çıxmaq niyyətinə düşdükləri zaman Ermənistanın taktikasından istifadə edə bilərlər. Yəni əvvəlcə qurumun toplantılarına qatılmaz, üzvlük haqlarını ödəməz və sonrakı mərhələdə təşkilatdan kənarlaşarlar. Rusiya üçün narahatedici presedent məhz bundan ibarətdir. Kreml Ermənistanı bu qurumda saxlamaqla həmin presedentin qarşısını almağa çalışır. Çünki Kremldə tam dəqiqliyi ilə anlayırlar ki, bu təşkilatı tərk etmək həvəsində olan digər ölkələr də mövcuddur. Məsələn, Qazaxıstan nə vaxtsa bu qurumdan çıxmaq niyyətinə düşə bilər. Çünki Qazaxıstanın da Qərb ölkələri ilə münasibətləri inkişaf etməkdədir və yaxın gələcəkdə rəsmi Astana belə bir addım atmaq barədə düşünə bilər. Bu baxımdan, hazırda Rusiyanın Ermənistana yönəlik təhdidləri məhz Paşinyan hakimiyyətinin qarşıya qoyduğu hədəflərə çatmasına kömək edə biləcək prosesin başlanğıcı kimi qiymətləndirilə bilər.
Səidə Ramazanova