Konstitusiya dəyişməsə, sülh mümkündürmü?- Bakı tələbində israrlıdır- ÖZƏL

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunub-olunmayacağı ilə bağlı qərar yaxın 1-2 həftə ərzində veriləcək. Onun sözlərinə görə, sənəd üzərində son rəylər ümumiləşdirildikdən sonra əlavə müzakirələr aparılacaq və layihənin dərcə hazır olub-olmadığı müəyyənləşdiriləcək. Xatırladaq ki, Nikol Paşinyan yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadların olmamasının vacibliyini vurğulayıb. Rəsmi Bakı isə Konstitusiya dəyişikliyini Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri hesab edir.

Ermənistanın yeni Konstitusiya layihəsinin dərcinin gecikməsi sülh prosesinə və Bakı-İrəvan münasibətlərinə necə təsir göstərə bilər? Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Ermənistanın yeni Konstitusiya layihəsinin dərcinin gecikməsi hazırkı mərhələdə prosesə təsir etməyəcək. Amma seçkidən aylar sonra bu proses reallaşmasa, əlbəttə ki, təsiri olacaq. Çünki rəsmi Bakının bu məsələdə mövqeyi sabit və dəyişməzdir. Ermənistan Konstitusiyası dəyişdirilmədiyi təqdirdə sülh sazişinin imzalanmasının əhəmiyyəti olmur. Saziş imzalansa da, əgər hakimiyyət dəyişikliyi olsa, yeni hakimiyyət bunu tanımaya bilər. Əslində bizim tələbimizin hüquqi məntiqi buna dayanır. Ona görə də Azərbaycan bu təklifdən geri durmayacaq. Hələlik prosesi axarına buraxmışıq. Amma proses ləngidilirsə, Bakının təzyiqləri artacaq.
Tələblər yerinə yetirilərsə, biz ən azından arxayın olacağıq ki, Ermənistanda hakimiyyət dəyişsə belə sülh müqaviləsi pozulmayacaq. Əgər pozularsa, bu bizə hüquqi nəticə verəcək və biz də əlavə tədbirlər görə biləcəyik".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31