Aqrar inkişafın mühüm istiqamətlərindən biri məhsulun emal səviyyəsinin yüksəldilməsidir- Komitə sədri
15:31 Siyasət"Hollandiya ərazi baxımından Azərbaycanın təxminən yarısı qədərdir. Buna baxmayaraq, uzun illərdir dünyanın ən böyük kənd təsərrüfatı məhsulları ixracatçıları sırasında yer alır. Uğurun əsas səbəbi aqrar elmin inkişafı, innovativ istixana sistemləri, rəqəmsal texnologiyalar, aqrologistika və emal sənayesinin yüksək səviyyədə təşkilidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deputat Sadiq Qurbanov deyib: "Məhşur iqtisadçı Maykl Porter qeyd edirdi ki, milli rəqabət üstünlüyü resursların mövcudluğundan daha çox onların səmərəli idarə olunması nəticəsində formalaşır. Bu yanaşma Azərbaycan üçün də xüsusi aktuallıq daşıyır. Qarşıdakı illərdə əsas hədəf torpaq və su ehtiyatlarından maksimum səmərəliliklə istifadə etməklə yüksək əlavə dəyər yaradan aqrar modelin formalaşdırılmasıdır. Bu kontekstdə Dövlət Proqramının mühüm istiqamətlərindən biri kənd təsərrüfatının intensiv inkişaf modelinə keçididir. Aqrar istehsalda rəqəmsal texnologiyaların tətbiqi, ağıllı suvarma sistemlərinin genişləndirilməsi, müasir seleksiya və toxumçuluq fəaliyyətinin inkişafı, elmi tədqiqatların istehsalla inteqrasiyası məhsuldarlığın yüksəlməsinə xidmət edən əsas amillərdir. İsrail təcrübəsi bu baxımdan xüsusilə diqqət çəkir. Ölkə ərazisinin böyük hissəsini quraq və yarımsəhra zonaları təşkil etsə də, damcı suvarma texnologiyalarının tətbiqi nəticəsində dünyanın ən məhsuldar aqrar sistemlərindən biri formalaşdırılmışdır. Bu nümunə göstərir ki, təbii resursların həcmi ilə yanaşı onların idarə olunma keyfiyyəti də inkişafın əsas şərtlərindəndir".
Deputat bildirib ki, aqrar inkişafın mühüm istiqamətlərindən biri məhsulun emal səviyyəsinin yüksəldilməsidir: "Dünya təcrübəsi göstərir ki, yüksək gəlir mənbəyi xammal istehsalından daha çox emal sənayesində formalaşır. Meyvə, tərəvəz, süd və ət məhsullarının emal olunaraq bazara çıxarılması əlavə dəyərin artmasına, yeni iş yerlərinin yaradılmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradır".