1993-dən bu günə: Azərbaycanın dövlətçilik yolu və strateji dönüş- ÖZƏL
15:10 Siyasət" Bu günlər Azərbaycanın müasir dövlət kimi mövcudluğunu şərtləndirən əsas dönüş nöqtələrindən biri hesab olunur. Həmin mürəkkəb dövrdə baş verən hadisələr və Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkəni böyük təhlükələrdən və dərin böhrandan xilas etdi. Ümumilikdə 1993-cü ilin iyun hadisələrindən bu günə qədər keçən dövr ərzində mühüm dərslər çıxarılıb. Həmin dərslər Azərbaycanın daxili və xarici siyasət strategiyasının əsasını təşkil edir. Hazırda ölkədə güclü və mərkəzləşdirilmiş dövlət formalaşdırılıb. Daxili sabitlik və qətiyyətli liderlik dövlət idarəçiliyinin əsas prioritetlərindən biridir. Məhz buna görə də sabitlik davamlı inkişafın başlıca şərti kimi qəbul olunur".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"1990-cı illərin əvvəllərində torpaqlarımızın işğal olunmasının əsas səbəblərindən biri vahid komandanlığa tabe olan güclü ordunun mövcud olmaması idi. Bu gün isə vahid mərkəzdən idarə olunan peşəkar və güclü milli ordu formalaşdırılıb. Bunun nəticələrini 2020-ci il Vətən müharibəsində və sonrakı hərbi əməliyyatlarda aydın şəkildə gördük. Eyni zamanda, balanslaşdırılmış və milli maraqlara əsaslanan diplomatiya həyata keçirilir. 1993-cü ildən əvvəlki dövrdən fərqli olaraq, Azərbaycan bu gün həm region dövlətləri, həm də beynəlxalq güc mərkəzləri ilə bərabərhüquqlu və praqmatik münasibətlər qurur və uğurla davam etdirir. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" sayəsində siyasi müstəqillik iqtisadi suverenliklə möhkəmləndirildi. Xarici investisiyaların cəlb olunması ölkənin iqtisadi inkişafına təkan verdi və beynəlxalq mövqelərinin güclənməsinə şərait yaratdı.
Həmin dövrdə əsası qoyulan sabitlik nəticəsində Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində fəal rol oynayan dövlətlərdən birinə çevrilib. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək regional logistika mərkəzi funksiyasını yerinə yetirir. Eyni zamanda, Qoşulmama Hərəkatı kimi nüfuzlu platformaya uğurla sədrlik etmiş dövlətdir.
Azərbaycan iri beynəlxalq layihələr üçün etibarlı və təhlükəsiz məkana çevrilib. Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars kimi layihələr bunun əyani sübutudur. 1993-cü ildə əsası qoyulan dövlətçilik xəttinin ən parlaq nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsidir. Bu uğur güclü iqtisadiyyatın, cəmiyyətdə mövcud olan milli birliyin, qüdrətli ordunun, səmərəli dövlət idarəçiliyinin və praqmatik xarici siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər".
Zeynəb Mustafazadə