Ərazi iddiasını əsas sənəddə saxlamaqla inkişaf mümkün deyil- ÖZƏL

"Son zamanlar diqqətlər Ermənistanda keçirilən seçkilərə yönəldi. Çünki bu seçkilər daxili siyasi hadisədən daha çox Rusiya ilə Qərb arasında gedən rəqabətə bənzəyirdi. Burada seçicilərin pulla ələ alınmasını da nəzərə alsaq deyə bilərik ki, rəqabət həm də rubl ilə avro arasında gedirdi.

Seçkilər məhz belə bir şəraitdə  keçirildi. Ciddi qanun pozuntuları da oldu. Nikol Paşinyan bu seçkilərdə də ona qarşı olan insanlara münasibətdə kəskin addımlar atdı, həbslərin şahidi olduq. " Bu  sözləri  Olaylar.az-a  açıqlamasında  Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloqŞəbnəm HƏSƏNOVA deyib:"

Cənubi Qafqazda bugün yeni siyasi reallıqlar formalaşıb. Bu reallıqları formalaşdıran Azərbaycandır. Sülh gündəliyinin irəli aparılması zərurətdir. Referendumun keçirilməsi, konstitusiyanın dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarının aradan götürülməsi lazımdır. Görünən ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən ayırmağa çalışırlar. Lakin Azərbaycanla Türkiyənin koordinasiyalı siyasəti nəticəsində birgə və müştərək addımlar davam etdiriləcək. Ermənistan bir reallığı anlamalıdır ki, qonşu dövlətə qarşı ərazi iddiasını əsas sənəddə saxlamaqla inkişaf yolu mümkün deyil.

Baxmayaraq ki, Azərbaycan güclü aktordur Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Azərbaycanın rəsmi sənədlərində, Konstitusiyasında Ermənistana və heç bir dövlətə qarşı ərazi iddiası olmayıb və yoxdur.

Bu baxımdan Ermənistan cəmiyyəti referendum vasitəsilə həmin bu mənfi amilləri siyasi sənədlərdən çıxartmalıdır. 
Ermənistanın birdən-birə Rusiya bazarından uzaqlaşması da mümkün görünmür. Bu mexanizmlər baxımından da, texniki olaraq da uzun bir müddət real deyil, həm də Ermənistan üçün son dərəcə yıxıcı ola bilər. Bu, cəmiyyətin inkişafdan geri qalmasına səbəb olar, cəmiyyətin inkişafına, iqtisadi durumuna zərbə vurar. Mərhələli həll variantı ola bilər, bu da sadəcə inkişafdan keçir. Nəqliyyat və kommunikasiyaların açılması lazımdır. Gediş-gəlişin açılması xalqlar arası etimad quruculuğuna müsbət təsir edəcək. Zəngəzur dəhlizinin mühüm amil kimi üzərində dayanılmalıdır. 
Ermənistan cəmiyyəti başa düşməlidir ki, referendum dəyişikliyi hansısa bir fiqurun hakimiyyətdə olmasından asılı olmayaraq baş tutmalıdır. Burada söhbət hansısa siyasi şəxsdən və fiqurdan getmir. Siyasi kursun dəyişdirilməsi lazımdır ki, sonrakı mərhələlərdə hər hansı bir problem gələcək nəsillərin üzərində yük yaratmasın. "

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31