Strateji hədəflərin toqquşması: Nə Vaşinqton geri çəkilir, nə də Tehran güzəştə gedir – ÖZƏL
14:35 Siyasət"Hazırda Amerika Birləşmiş Ştatları ilə İran arasında davam edən qarşıdurma əslində gözlənilən bir proses idi. Çünki İranın Hörmüz boğazını bağlamasından sonra tərəflər arasındakı gərginlik ən yüksək həddə çatmışdı və bu gərginliyin müəyyən mərhələdə silahlı toqquşma ilə nəticələnəcəyi gözlənilən idi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçinin sözlərinə görə, bundan sonrakı prosesdə İran maksimum dərəcədə öz mövqelərini qorumağa çalışacaq. İranın əsas məqsədi Hörmüz boğazı üzərindəki təsir imkanlarını saxlamaq və ABŞ da daxil olmaqla digər dövlətlərin bu reallığı qəbul etməsinə nail olmaqdır. ABŞ isə görünən odur ki, buna razılaşmaq niyyətində deyil. Əksinə, Vaşinqton bu blokadanın aradan qaldırılması üçün əlində olan bütün siyasi, iqtisadi və hərbi vasitələrdən istifadə etməyə çalışacaq. Bu baxımdan gələcəkdə yenidən müxtəlif toqquşmaların baş verməsi tamamilə mümkündür. Hətta belə qarşıdurmaların daha genişmiqyaslı hərbi münaqişəyə çevrilməsi ehtimalı da istisna deyil. Hazırda müşahidə etdiyimiz mərhələ yekun nəticə deyil, sadəcə prosesin ilkin mərhələsidir.
"ABŞ-İran qarşıdurmasının başa çatdığını düşünmürəm. Mənim fikrimcə, hazırkı vəziyyət daha çox müvəqqəti fasiləni xatırladır. Tərəflər öz mövqelərini möhkəmləndirdikdən, hərbi və siyasi imkanlarını yenidən qiymətləndirdikdən sonra qarşıdurmanın yenidən alovlanması ehtimalı yüksəkdir. Bunun əsas səbəbi ondan ibarətdir ki, son qarşıdurma tərəflərdən heç birinin qarşısına qoyduğu strateji məqsədləri tam şəkildə reallaşdırmasına imkan vermədi. ABŞ istədiyi nəticələri əldə edə bilmədi. İran nüvə proqramından imtina etmədi, uzaqmənzilli raket proqramını dayandırmadı və ölkədə hakim siyasi sistem də dəyişmədi. Digər tərəfdən, İran da öz məqsədlərinə nail ola bilmədi. ABŞ İranın nüvə proqramını qəbul etmədi, ona qarşı tətbiq olunan sanksiyaları ləğv etmədi və Tehran üçün mühüm əhəmiyyət daşıyan digər məsələlərdə də hər hansı güzəştə getmədi. Beləliklə, tərəflərin heç biri istədiyi nəticəni əldə etmədiyi üçün ABŞ və İran arasında lokal xarakterli toqquşmaların gələcəkdə də davam etməsi tamamilə mümkündür. Bu cür qarşıdurmalar isə zaman keçdikcə daha geniş eskalasiya üçün zəmin yarada və regionda yeni hərbi-siyasi gərginlik mərhələsinin başlanğıcına çevrilə bilər", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova