Postsovet məkanında yeni reallıq: Moskvanın "təhlükəsizlik zəmanəti" sual altında- ÖZƏL

Rusiyanın postsovet ölkələrinin "yeganə qarantı" olduğunu iddia edərək, iqtisadi üstünlüklərin siyasi sədaqət qarşılığında verilməsini tələb edib. Lakin Cənubi Qafqazda, xüsusilə Azərbaycanda Türkiyə ilə ittifaq, NATO standartlarına uyğun ordu və qlobal tranzit layihələri fonunda Rusiyanın "təhlükəsizlik zəmanəti" rolu getdikcə zəifləyir.

Mövzu ilə bağlı politoloq Tural  İrfan Olaylar.az-a açıqlama verib:
" Təbii ki, Rusiya hər zaman postsovet ölkələrini təsir dairəsində saxlamağa çalışıb. Xüsusən Ermənistan daima Rusiyanın aləti, vassalı timsalında olub. Odur ki, indi bu ölkələrin öz müstəqil siyasətini qurmasını və iqtisadiyyatının Rusiyadan asılılığını minimuma endirməsini qəbullana bilmir. Lakin buna rəğmən postsovet ölkələri Rusiya ilə də münasibətləri normal səviyyədə saxlamağın tərəfdarıdırlar. Risiyada bəzi dairələr hələ də imperiya nostaljisini qorumaq niyyətindədirlər və regionda digər ölkələrin müstəqil siyasətinə qarşıdırlar. Beynəlxalq hüququn normalarına uyğun olaraq hər bir ölkənin öz müstəqil siyasi kursunu müəyyən etmək haqqı var. Ermənistanda da artıq keçmiş münaqişələrin, müharibələrin və digər problemlərin məhz Rusiya tərəfindən yaradıldığını etiraf edirlər. Əsasən Qərbə istiqamət götürmüş olan Ermənistana qarşı təziq həyata keçirən Rusiya əslində bu imperialist siyasəti ilə bu ölkələri özündən uzaqlaşdırır. Yəni, bu yanlış siyasətdir. Vaxtilə Qarabağ problemini həll etməməsi, əslində münaqişənin yaranmasında rolunun olması sübut edir ki, o, bu ölkələri istismar edərək üz-üzə qoymağı məqsəd qoyub. Əks halda Rusiya özü bu ölkələrə sədaqətli olsa idi sözü gedən problemin yaranmasının qarşısını alar, yaxud sonradan həll edərdi. Amma məlumdur ki, o Ermənistan və Azərbaycanın keçmiş münaqişəsi zamanı tərəf saxlayıb, İrəvana dəstək verib. Hazırda isə Ermənistanda anlayırlar ki, onları bu savaşa təhrik ediblər və alət kimi istifadə olunublar. Mövcud sülh prosesindən, Paşinyanın yenidən qalib gəlməsindən narahat olan Moskva təhdid ritorikasını tərk etməməklə vəziyyəti daha da gərginliyə çəkir. Odur ki, əksinə bu sülh prosesinə töhfə verməklə reallığı qəbul edərək normal münasibətləri qorumaq daha faydalı ola bilər. Bu ölkələrə təziq etməklə əslində Qərbi regiona özü cəlb edir. Balanslı siyasətə keçmək əvəzinə imperiya maraqlarını qabardır. Müstəqil dövlətlərin müstəqil də siyasət aparmaq, iqtisadi asılılığını azaltmaq hüququ var. Xüsusən də hazırda Ukrayna ilə müharibədə ağır itkilər və iqtisadi tənəzzülə üzləşən Rusiya üçün postsovet ölkələri ilə də münasibətləri gərginləşdirmək ağır nəticələr verə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31