Bəhruz Quliyev: "15 İyun xalqın taleyində və dövlətçilik salnaməsində xüsusi yer tutur" – ÖZƏL

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində, dövlətçilik tarixində və müstəqillik salnaməsində xüsusi yer tutan taleyüklü bir tarixdir. Bu gün təkcə siyasi hakimiyyət dəyişikliyinin deyil, dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas edilməsinin, milli birliyin təmin olunmasının və Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsinin rəmzi kimi qiymətləndirilir".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, 1993-cü ildə ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda qarşıdurmalar, iqtisadi tənəzzül, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanı parçalanma həddinə gətirib çıxarmışdı. Belə mürəkkəb və təhlükəli şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı və 15 İyun 1993-cü il tarixində Azərbaycan Ali Sovetinin sədri seçildi. Məhz həmin tarixdən etibarən ölkədə dövlət quruculuğunun yeni mərhələsi başladı. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi baxımından dönüş nöqtəsi oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin edildi, dövlət institutları formalaşdırıldı, hüquqi və demokratik inkişafın təməli qoyuldu. 

"Düşünürəm ki, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, enerji strategiyasının həyata keçirilməsi, iqtisadi inkişaf və milli maraqlara əsaslanan xarici siyasət kursu da məhz həmin dövrdə müəyyənləşdirildi. 15 İyun hadisələrindən çıxarılan ən mühüm dərs ondan ibarətdir ki, dövlət müstəqilliyi yalnız onu qorumağa qadir olan güclü siyasi iradə, milli birlik və məsuliyyətli rəhbərlik şəraitində yaşaya bilər. Bu tarixi dərslər bu gün də Azərbaycanın daxili və xarici siyasətində öz əksini tapır. Dövlət maraqlarının hər şeydən üstün tutulması, milli həmrəyliyin qorunması, müstəqil siyasətin həyata keçirilməsi və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsi həmin siyasi kursun əsas prinsipləri olaraq qalır. Milli Qurtuluş Günü ilə əsası qoyulan siyasi sabitlik və dövlətçilik ənənələri sonrakı dövrdə Azərbaycanın regional lider dövlətə çevrilməsinə şərait yaratdı. Prezident İlham Əliyev tərəfindən daha da inkişaf  etdirilən bu siyasi kurs nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, regionun əsas siyasi və iqtisadi güc mərkəzlərindən birinə çevrildi və beynəlxalq münasibətlər sistemində nüfuzunu əhəmiyyətli dərəcədə artırdı.
Xüsusilə 2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsi və əldə olunan tarixi Zəfər, eləcə də sonrakı dövrdə suverenliyin tam bərpası göstərdi ki, 1993-cü ildə əsası qoyulan güclü dövlətçilik modeli Azərbaycanın milli məqsədlərinə çatmasının başlıca təminatıdır. Əgər Milli Qurtuluş Azərbaycan dövlətini dağılmaq təhlükəsindən xilas etmişdisə, həmin siyasi xətt sonrakı illərdə ölkəni qalib dövlət səviyyəsinə yüksəltdi. Bu gün 15 İyun yalnız keçmişə ehtiram günü deyil, həm də gələcəyə inamın, dövlətçilik ənənələrinə sədaqətin və milli həmrəyliyin təntənəsidir. Azərbaycan xalqı bu tarixi günü dövlət müstəqilliyinin qorunmasının, sabitliyin və inkişafın təməli kimi qiymətləndirir. Milli Qurtuluş Günü bir daha təsdiq edir ki, güclü dövlət, milli birlik və uzaqgörən siyasi rəhbərlik hər bir xalqın uğurlu gələcəyinin əsas şərtidir", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31