Türkiyənin nəqliyyat strategiyası: Körfəz, Avropa və Azərbaycan üçün yeni imkanlar- ÖZƏL
13:50 Siyasət"Türkiyənin Hicaz Dəmir Yolunu bərpa edərək onu Səudiyyə Ərəbistanı üzərindən Omana qədər uzatmaq planı regionun geosiyasi və iqtisadi xəritəsində mühüm dəyişikliklər yarada bilər. Layihə reallaşarsa, Körfəz ölkələri ilə Türkiyə arasında birbaşa quru və dəmir yolu bağlantısı formalaşacaq, bu isə ticarət axınlarının şaxələndirilməsinə və enerji ixrac marşrutlarının təhlükəsizliyinin artırılmasına xidmət edəcək. Xüsusilə İran-ABŞ münasibətlərində gərginlik və Hörmüz boğazında mümkün risklər fonunda alternativ nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artır. Bu marşrut Körfəz ölkələrinə dünya bazarlarına çıxış üçün əlavə seçim təqdim edərək onların yalnız dəniz yollarından asılılığını azalda bilər".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"İraqın Bəsrə limanından Türkiyə sərhədinə qədər uzanacaq "İnkişaf Yolu" layihəsi də eyni strateji məqsədə xidmət edir. Layihə Fars körfəzindən Avropaya yüklərin daha sürətli daşınmasını təmin edə bilər. Türkiyə bu yolla özünü Asiya, Körfəz və Avropa arasında əsas logistika mərkəzi kimi möhkəmləndirməyə çalışır. Bu, həm də regionda nəqliyyat və tranzit sahəsində rəqabəti artıracaq.
Hicaz Dəmir Yolu və "İnkişaf Yolu" mövcud beynəlxalq marşrutlara müəyyən təsirlər göstərə bilər. Onlar xüsusilə Süveyş kanalı üzərindən keçən bəzi yük axınlarının bir hissəsini özlərinə cəlb edə bilərlər. Bununla yanaşı, bu layihələr Orta Dəhlizin rəqibi olmaqdan daha çox onu tamamlayan marşrutlar kimi də çıxış edə bilər. Çünki müxtəlif istiqamətlərdən gələn yüklər Türkiyə üzərindən Avropaya daşınarkən Orta Dəhlizlə inteqrasiya imkanları yarana bilər. Beləliklə, Türkiyə regionun əsas tranzit qovşağı statusunu daha da gücləndirə bilər.
Bu dəhlizlərin istifadəyə verilməsi Türkiyə, İraq və Körfəz ölkələri üçün tranzit gəlirlərinin artması, logistika, sənaye və xidmət sektorlarına investisiyaların cəlb olunması baxımından mühüm iqtisadi imkanlar yaradacaq. İraq üçün layihə neftdənkənar gəlirlərin artırılması və ölkənin regional ticarət mərkəzinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Körfəz ölkələri isə mallarını Avropa bazarlarına daha sürətli və çevik şəkildə çatdırmaq imkanı əldə edə bilərlər.
Azərbaycan üçün də müəyyən imkanlar yarana bilər. Əgər yeni marşrutlar Türkiyənin logistika imkanlarını genişləndirərsə, Azərbaycanın Orta Dəhlizdəki rolu daha da güclənə bilər. Bakı limanı, dəmir yolu infrastrukturu və Xəzər üzərindən daşımalar yeni yük axınlarından faydalana bilər. Eyni zamanda, Türkiyə üzərindən Körfəz bazarlarına çıxış imkanlarının genişlənməsi Azərbaycan məhsullarının ixrac coğrafiyasını artırmağa kömək edə bilər. Bununla belə, bu layihələrin real təsiri onların maliyyələşdirilməsi, regional sabitlik, texniki inteqrasiya və iştirakçı dövlətlər arasında əməkdaşlığın səviyyəsindən asılı olacaq. Uzunmüddətli perspektivdə isə regionda nəqliyyat şəbəkəsinin genişlənməsi ümumilikdə ticarətin artmasına və iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edə bilər".
Zeynəb Mustafazadə