Paşinyanın "Konstitusiya oyunu": Sülh müqaviləsi niyə ləngiyir? – ÖZƏL
13:38 Siyasət"Ermənistanın ədliyyə naziri bir neçə gün bundan əvvəl bildirmişdi ki, yeni Konstitusiya layihəsində hamının fikri nəzərə alınmalıdır. Layihə hələ tam hazır olmadığı üçün ictimaiyyətə təqdim olunmur və üzərində iş davam edir".
Bu fikirləri siyasi şərhçi Şakir Ağayev Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi bildirib ki, Ermənistanın yeni Konstitusiya layihəsinin gecikməsi sülh prosesinə və Bakı-İrəvan münasibətlərinə birbaşa təsir göstərə bilər. Qeyd edək ki, bu gün Ermənistan və Azərbaycan sülh sazişini paraflayıblar və Azərbaycan bu prosesə ciddi şəkildə riayət edir. Lakin unutmaq olmaz ki, Azərbaycanın əsas şərtlərindən biri Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının Konstitusiyadan çıxarılmasıdır. Bu proses baş verməyənə qədər yekun sülh müqaviləsinin bağlanması mümkün görünmür. Bir neçə gün əvvəl Türkiyədə Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da mətbuat konfransında bir daha bildirdi ki, Ermənistan Azərbaycanın şərtlərini bilir və həmin şərtlər yerinə yetirildikdən sonra yekun sülh müqaviləsi imzalana bilər. Ona görə də hələlik Azərbaycan sülh siyasətini davam etdirəcək. Bunu ölkə başçısı da dəfələrlə vurğulayıb. Azərbaycan uzun müddətdir ki, Ermənistan üçün sülh şəraiti yaradıb. Hətta Azərbaycandan tranzit keçməklə Gürcüstandan Ermənistana, eləcə də Türkiyədən yüklərin daşınmasına şərait yaradılıb. Azərbaycan Ermənistana yanacaq da satır. Yəni yekun sülh müqaviləsi imzalanana qədər bu proses davam edir. Ermənistanda isə parlament seçkilərindən sonra tam şəkildə yeni hökumət formalaşmalıdır. Düzdür, Paşinyan seçkilərdə qalib gəlib, lakin tam konstitusion çoxluq əldə etməyib. Bu isə Konstitusiyada dəyişiklik edilməsi prosesində müəyyən çətinliklər yaradır. Paşinyan hökuməti öz mövqeyinə tam əmin olduqdan sonra bu məsələyə yenidən qayıda bilər.
Ekspert qeyd edib ki, Paşinyanın seçkilərə qədər bu məsələni həll etmək üçün kifayət qədər imkanları var idi. Lakin o, prosesi uzatdı və indi də yekun sülh müqaviləsinin imzalanmasını gecikdirməyə çalışır:
"Azərbaycan isə hazırda xoşməramlı siyasətini davam etdirir və Ermənistana yeni hökumətin formalaşması üçün həm siyasi, həm də iqtisadi baxımdan müəyyən imkanlar yaradır. Ancaq hər bir dövlətin səbrinin də bir həddi var. Əgər Ermənistan Azərbaycanın əsas şərtlərini qəbul etməzsə, Azərbaycan münasibətlərinə yenidən baxa bilər. Paşinyan növbəti beş ildə də bu prosesi uzatmağa çalışarsa, Azərbaycanın xoşməramlı yanaşmasının dəyişməsi ehtimalı da istisna deyil. Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması Azərbaycanın əsas tələbidir. Ermənistan Konstitusiyasında diasporla və ya digər daxili məsələlərlə bağlı hansı müddəaların yer alacağı Azərbaycanın maraq dairəsinə daxil deyil. Azərbaycanın maraqlandığı əsas məsələ Konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına əsas verən müddəaların, o cümlədən Müstəqillik Bəyannaməsinə istinadın giriş hissəsindən çıxarılmasıdır. Bu tələb yerinə yetirilərsə, Azərbaycanın əsas şərti də yerinə yetirilmiş olacaq. Azərbaycanın məqsədi Ermənistanın daxili işlərinə qarışmaq deyil. Sadəcə olaraq Ermənistan gələcəkdə hər hansı ərazi iddialarına hüquqi əsas yarada biləcək müddəalardan imtina etməlidir. Əks halda, sabah Paşinyan hakimiyyətdən getsə və başqa bir qüvvə hakimiyyətə gəlsə, həmin müddəalara istinad edərək yenidən işğalçı siyasət yürütməyə cəhd göstərə bilər. Düzdür, Ermənistan buna cəsarət etməz. Ermənistan həm 44 günlük Vətən müharibəsində, həm də birgünlük antiterror əməliyyatında ciddi dərs aldı. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan bu məsələdə hüquqi təminatların yaradılmasını vacib hesab edir. Çünki tarix boyu Ermənistan dəfələrlə Azərbaycana qarşı etimadı sarsıdan addımlar atıb. Məhz buna görə də Konstitusiyada dəyişiklik edilməsi Azərbaycanın sülh prosesində əsas və prinsipial tələbi olaraq qalır. Əgər bu dəyişiklik həyata keçirilərsə, demək olar ki, Azərbaycanın əsas tələbi yerinə yetirilmiş olacaq.
Səidə Ramazanova