Yeni dünya nizamında Azərbaycan-Türkiyə tandemi xüsusi əhəmiyyət kəsb edir- ÖZƏL
13:33 Siyasət"Son illərdə Şuşada keçirilən beynəlxalq konfranslar da Bəyannamənin strateji əhəmiyyətinin artdığını göstərir. 2022-ci ildən etibarən hər il iyunun 15-də keçirilən konfranslarda regional təhlükəsizlik, Türk dünyasının inteqrasiyası, yeni dünya nizamı və qlobal çağırışlar müzakirə olunur. Bu tədbirlər Şuşanın təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının mühüm siyasi-intellektual mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsini ifadə edən tarixi sənəddir. Bu Bəyannamə iki qardaş ölkə arasında siyasi, iqtisadi, hərbi və humanitar əməkdaşlığı yeni mərhələyə yüksəldərək regionda təhlükəsizlik, sabitlik və inkişafın mühüm təminatına çevrilib. Eyni zamanda sənəd Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, Qarabağın bərpasına, Türk dünyasının inteqrasiyasına və Avrasiya məkanında yeni geosiyasi balansın formalaşmasına mühüm töhfə verir.
Şuşada imzalanan bu tarixi sənəd bir daha sübut edir ki, "Bir millət, iki dövlət" fəlsəfəsi yalnız siyasi şüar deyil, real strateji əməkdaşlığın, qarşılıqlı etimadın və ortaq gələcək vizyonunun ən parlaq təcəssümüdür. Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirən mühüm siyasi manifest kimi tarixdə öz yerini möhkəmləndirib".
Millət vəkili qeyd edib ki, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasından 5 il ötür. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərində imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin hüquqi-siyasi əsaslarını möhkəmləndirən sənəd deyil, həm də regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən tarixi strateji yol xəritəsidir: "Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd Azərbaycan-Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldərək onları strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çatdırdı".