Böyük Qayıdış” proqramı Milli Qurtuluş Gününün rəmzi mənasıdır- ÖZƏL

"1993-cü il iyunun 9-da Ulu Öndər xalqın və dövlətin təkidli dəvətini qəbul edərək Bakıya gəldi. Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda, o, öz həyatını təhlükəyə ataraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış hərbi qiyamın qarşısını aldı. 15 İyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Prezident səlahiyyətləri ona həvalə olundu. Bu qayıdış ölkədə sabitliyin bərqərar olmasının ilk addımı idi". "Olaylar" xəbər verir ki, bunu Milli Mclisin deputatı Anar Məmmədov deyib: "1992-ci ilin noyabrında Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ölkədə müasir və sağlam siyasi sistemin əsasını qoydu. Qısa müddətdə xalqın rəğbətini qazanan Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu, ən ali məqsədi Azərbaycanı bütöv görmək, işğal altındakı torpaqlarımızı, doğma Şuşanı azad etmək idi. O, məcburi köçkünlərlə hər görüşündə böyük inamla deyirdi: "Biz heç vaxt Laçınsız, Şuşasız, Kəlbəcərsiz, Ağdamsız yaşaya bilmərik. İnanın ki, gedəcəyik".
Bu gün Ümummilli Liderin ruhu şaddır. Onun siyasi kursunu misilsiz uğurla davam etdirən və zənginləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası məhz Heydər Əliyev dühasının və onun siyasi irsinin məntiqi nəticəsidir. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün üçrəngli bayrağımız Şuşada, Laçında, Xankəndidə, Ağdamda və digər azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalanır. Azad Qarabağda və Şərqi Zəngəzurda alovlandırılan Novruz tonqalları, reallaşan "Böyük Qayıdış" proqramı Milli Qurtuluş Gününün rəmzi mənasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31