Azərbaycan-Ermənistan sülhünün ünvanı: Böyük güclərdən kənar seçim mümkündür- ÖZƏL
17:39 SiyasətBakı və İrəvan arasında sülh müqaviləsinin mətninin böyük hissəsi razılaşdırıldığından, sənədin harada imzalanacağı əsas müzakirə mövzularından birinə çevrilib. ABŞ sülh prosesində rolunu artırmağa çalışdığı halda, Rusiya da vasitəçilik təşəbbüsləri ilə təsirini qorumağa çalışır. Ekspertlər sənədin ilkin paraflanmasının Ağ Evdə baş tutacağı təqdirdə, yekun imzanın da Vaşinqtonda atılmasının mümkün olduğunu bildirirlər.
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Biz sülh müqaviləsinin harada imzalanacağı sualına cavab verməzdən əvvəl, son seçkilərdən sonra yaranmış vəziyyət fonunda ümumiyyətlə sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə diqqət yetirməliyik.
Mənə elə gəlir ki, hazırkı şəraitdə Paşinyan hakimiyyəti Ermənistan Konstitusiyasını rahatlıqla dəyişə bilməyəcək. Çünki Konstitusiyaya dəyişiklik etmək üçün müxalifətdən də ən azı 5-6 deputatın dəstəyi tələb olunur. Onların səsinə və imzasına ehtiyac var. İnanmıram ki, revanşist və radikal qüvvələrin bu məsələyə münasibəti müsbət olsun və onlar buna asanlıqla razılıq versinlər. Əgər Konstitusiya dəyişdirilməzsə, Bakının əsas şərti yerinə yetirilməmiş qalacaq. Bu halda Azərbaycan tərəfi Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək öz maraqlarına uyğun siyasət yürütməyə davam edəcək. Ermənistanın qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadığı müddətdə Azərbaycan üçün belə bir sülh müqaviləsinə imza atmaq tam qənaətbəxş hesab olunmaya bilər. Bu zaman ortaya mühüm bir sual çıxır: Azərbaycanın əsas narahatlığı və qanuni tələbi Ermənistan tərəfindən dinc yolla həll ediləcəkmi, yoxsa bu prosesdən əvvəl müəyyən gərginliklər və qarşıdurmalar yaşanacaq? Mən hesab edirəm ki, Paşinyan hakimiyyəti qarşıdurmanın Ermənistanın dövlət maraqlarına zidd olduğunu anlayır və buna getməyəcək. Buna görə də yaxın bir neçə ay ərzində sülh müqaviləsinin imzalanmasından daha çox Ermənistanın daxili siyasətində Konstitusiya dəyişikliyinin yolunu açmaq üçün baş verəcək mübarizələri və ziddiyyətləri izləməli olacağıq. Yalnız bundan sonra sülh müqaviləsinin imzalanması məsələsi daha aktiv şəkildə gündəmə gələ bilər.
Sualınıza gəlincə, düşünürəm ki, müqavilə nə Moskvada, nə də Vaşinqtonda imzalanacaq. Çünki Vaşinqton variantına Rusiya razı olmayacaq və bunu öz maraqlarının məğlubiyyəti kimi qiymətləndirəcək. Digər tərəfdən, ABŞ-nin son dövrlərdə Ermənistanla münasibətlərinin inkişafı, regionda nüfuzunu artırmaq cəhdləri və sülh prosesində rol almaq istəyi nəzərə alınarsa, Vaşinqton da müqavilənin Rusiyada imzalanmasını arzulamayacaq. Bu səbəbdən həm Azərbaycanın, həm də Ermənistanın daha neytral paytaxt və ya şəhərlər axtarması ehtimalı yüksəkdir. Çünki tərəflərdən birinin üstünlük qazandığı təəssüratı yaradan məkan seçilərsə, digər güclərin prosesə təsir göstərmək və ya onu ləngitmək üçün müxtəlif vasitələrə əl atması mümkündür. Sülh prosesinin daha rahat və sürətli yekunlaşması üçün neytral məkan seçilməlidir. Bu məkan nə İran, nə Türkiyə, nə Rusiya, nə ABŞ, nə də Qərbi Avropanın böyük dövlətlərindən biri olacaq. Mümkündür ki, Mərkəzi Asiya ölkələrindən biri belə bir platforma təqdim etsin. Vaxtilə müəyyən razılaşmaların əldə olunması üçün bu regionun ölkələri uyğun vasitəçi rolunu oynayıblar. Bu baxımdan yenə də Mərkəzi Asiya dövlətlərindən biri seçilə bilər. Eyni zamanda neytrallığı ilə seçilən Mərkəzi və ya Şərqi Avropa ölkələrindən biri də alternativ variant ola bilər. Əsas məsələ elə bir məkanın seçilməsidir ki, nə Ermənistan, nə də Azərbaycan özünü kənarda qalmış və ya təzyiq altında hiss etməsin. Buna görə də böyük güclərin paytaxtlarından daha çox diplomatik baxımdan balanslı və neytral ölkələrin şəhərləri üstünlük qazana bilər.
İlkin ehtimallar arasında Mərkəzi Asiya ölkələri daha real görünür. Məsələn, Qazaxıstan və ya Qırğızıstan belə bir platforma təqdim edə bilər. Lakin hər şeydən əvvəl Azərbaycan və Ermənistan arasındakı əsas ziddiyyətlər aradan qaldırılmalıdır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar dəyişdirilməli, şovinist və revanşist yanaşmalardan imtina olunmalıdır. Bundan sonra müqavilənin imzalanacağı uyğun məkanı müəyyənləşdirmək daha asan olacaq".
Zeynəb Mustafazadə