Türkmənistan qazı üçün yeni marşrut: Fürsətlər və həllini gözləyən suallar- ÖZƏL

Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın Aşqabada səfərində Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya nəqli müzakirə olunub. Ankara bu əməkdaşlığı genişləndirməyə çalışsa da, Aşqabad Transxəzər layihəsinə və regional enerji təşəbbüslərinə ehtiyatlı yanaşır. Ekspertlər Türkmənistanın neytrallıq siyasəti səbəbindən mühüm enerji və logistika layihələrində daha passiv mövqe tutduğunu bildirirlər.
Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:
" Türkiyənin mövqeyi hər zaman Transxəzər qaz kəməri ilə bağlı, eləcə də Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə ixracı məsələsində açıq və aydın olub. Biz görürük ki, Türkiyə bu məsələdə çox maraqlıdır, dəfələrlə bununla bağlı Türkmənistanla danışıqlar aparıb.
Amma Türkmənistanın mövqeyi hər zaman bir qədər fərqli olub. Ümumiyyətlə, Türkmənistan Türk Dövlətləri Təşkilatı çərçivəsində də digər dövlətlər qədər fəallıq nümayiş etdirməyib.
Lakin qaz məsələsinə gəldikdə, bəli, Türkmənistan üçün maraqlıdır. Çünki Türkmənistan dünyada qaz ehtiyatlarına görə dördüncü yerdədir. Türkmənistan öz ehtiyatları ilə bu proseslərə qoşulsaydı, bu, əlbəttə ki, Türk dövlətlərinin güclənməsinə də səbəb olardı. Təəssüf ki, Türkmənistanın mövqeyi hər zaman birmənalı olmayıb. Biz dəfələrlə görmüşük ki, Xəzərdə müxtəlif yataqlarla bağlı Azərbaycanla müəyyən mübahisələr yaşanıb. İndi isə qazın ixracı və qaz kəmərinin çəkilməsi ilə bağlı məsələlər gündəmdədir.
Burada texniki məsələlər də mövcuddur. Əsas suallardan biri budur ki, bu qaz kəmərinin çəkilməsi üçün tələb olunan xərcləri kim ödəyəcək? Əgər Türkmənistan tərəfi bu xərcləri öz üzərinə götürərsə və kəməri Bakıya qədər çəkərsə, bu, məsələnin bir hissəsini həll etmiş olar. Digər tərəfdən, Bakıdan keçən mövcud qaz kəmərlərinin demək olar ki, hamısı maksimum gücdə fəaliyyət göstərir. Türkmənistan qazının bu sistemə qoşulması üçün həmin kəmərlərin genişləndirilməsi lazım gələcək. Bu isə əlavə maliyyə xərcləri deməkdir. Bu amil çox vacibdir və hesab edirəm ki, məhz bu məsələlərin həll olunması ümumilikdə prosesə ciddi mənfi təsir göstərən əsas faktorlardan biridir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31