Bakı-İrəvan sülhü: İmza məkanı böyük güclərin nüfuz savaşına çevrilib – ÖZƏL

Bakı və İrəvan arasında sülh müqaviləsinin mətninin böyük hissəsi razılaşdırıldığından, sənədin harada imzalanacağı böyük güclərin nüfuz mübarizəsinə çevrilib. Moskva təsirini qorumaq üçün vasitəçilik platforması təklif edib fəallaşsa da, tərəflərin ABŞ-nin artan rolu fonunda bu təklifdən imtina etməsi mümkündür. Prezident Donald Tramp və Dövlət katibi Marko Rubio ABŞ-nin sülh prosesindəki, xüsusən "TRİPP" layihəsi və regional enerji inteqrasiyasındakı liderliyini xüsusi vurğulayırlar. Sənədin Ağ Evdə ilkin paraflanması ehtimalı yekun imzanın da Vaşinqtonda atılması şansını artırır.

Sülh müqaviləsi harda imzalana bilər? Rusiya Cənubi Qafqazda nüfuzunu bərpa edə biləcəkmi?

"Bu gün sülh anlaşmasının harada imzalanacağı məsələsinin təkcə diplomatik protokol mövzusu olmadığını bəri başdan deyək; bəli, bu, həm də geosiyasi nüfuz yarışının bir hissəsi sayıla bilər. Sənədin məzmununun böyük ölçüdə razılaşdırıldığı bir zamanda imza məkanı sülh prosesinin hansı güc mərkəzinin siyasi dəstəyi fonunda başa çatdığını göstərən simvolik anlam daşıyır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloqun fikrincə, hazırkı mərhələdə Vaşinqton variantı daha gerçəkçi görünür. ABŞ son dönəmlər prosesdə fəallığını artırıb və öz fəallığını siyasi nəticəyə çevirmək istəyi də bəllidir. Ancaq Azərbaycan üçün əsas məsələ müqavilənin harada qollanmasından daha çox, hansı şərtlərlə və hansı təminatlarla imzalanmasıdır. Əlbəttə, sülh sənədinin dəyərini onu qəbul edən məkan yox, onun gətirəcəyi sabitlik müəyyənləşdirəcək. Rusiyaya gəlincə, Moskvanın Güney Qafqazdakı öncəki mövqeyini bərpa etməsi asan görünmür. Dünya dəyişib, bölgə dəyişib, bölgəsəl oyunçuların imkanları və manevr sahəsi genişlənib. Bununla belə, Rusiyanı tam oyundankənar saymaq da, bəlkə doğru olmaz. Kreml hələ də iqtisadi, enerji, təhlükəsizlik və siyasi təsir rıçaqlarına malikdir və bu imkanlardan istifadə etməyə çalışa bilər. Ancaq bir həqiqət də var: Azərbaycan artıq öz taleyini başqalarının masa arxasında müəyyənləşdirdiyi ölkə deyil. Bu gün bölgədə yaranan yeni gerçəkliklərin əsas müəlliflərindən biri məhz Azərbaycandır. Ona görə də sülh müqaviləsinin harada imzalanmasından asılı olmayaraq, əsas olan Azərbaycanın milli çıxarlarının, suveren hüquqlarının və uzunmüddətli bölgəsəl sabitliyin təmin edilməsidir. Bu isə hər hansı paytaxtdan daha önəmli məsələdir. Hərb meydanında öz haqlı mövqeyindən dönməyən - bunu görünən-görünməyən bütün böyük maneələri dəf edərək aşan Bakı, diplomatik masada da öz ustalıq məharətini, ədalətli sülh ustadlığını göstərəcəkdir.

Dövlətimiz zaval görməsin!

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31