Salyanda “Heydər Əliyev irsi: Qurtuluşdan güclü Azərbaycana” adlı tədbir keçirilib- ÖZƏL

10 iyun 2026-cı il tarixində Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının, rayon Heydər Əliyev Mərkəzinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun  və Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş "Heydər Əliyev irsi: Qurtuluşdan güclü Azərbaycana" adlı tədbir keçirilib. Salyan Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının rəhbərliyi və nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, partiya fəalları, Qərbi Azərbaycan İcmasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
YAP Salyan rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini, Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov qeyd edib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olmaqla ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və ictimai-siyasi sabitliyin təmin edilməsində həlledici rol oynayıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edərək davamlı inkişaf yoluna çıxarıb.
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan müstəqil dövlət kimi öz varlığını qoruyub saxlayıb, güclü dövlət quruculuğunun əsası qoyulub. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla davam etdirilir, ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər qazanır, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.
Tədbirdə çıxış edən digər natiqlər, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəsi Kərəm Muradov, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Avdi Həsənov, Yelo Bank ASC-nin Salyan filialının müdiri Anar Hacıyev və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşdırılması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərdən danışıblar. Çıxışlarda qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkəni ağır siyasi böhrandan çıxararaq sabitlik və inkişafın təməlini qoyub. Vurğulanıb ki, bu gün müasir Azərbaycanın əldə etdiyi uğurlar, beynəlxalq nüfuzu, hərbi və iqtisadi qüdrəti məhz həmin siyasi kursun uğurlu nəticəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31