Elçin Xalidbəyli: Türkmənistan hələ də Rusiyanın təsirindən çıxa bilmir – ÖZƏL
15:15 SiyasətTürkiyənin vitse-prezidenti Cövdət Yılmazın Aşqabada səfəri zamanı Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxarılması müzakirə olunub. Hazırda İran üzərindən kiçik həcmlərlə svop tədarükü reallaşsa da, Ankara bu marşrutu genişləndirmək niyyətindədir. Lakin Aşqabad Transxəzər layihəsinə və strateji əməkdaşlığa rəqbət göstərmir; hər iki ölkə lideri Türk Dövlətləri Təşkilatının (TDT) son sammitinə qatılmayıb və Bakı Enerji Həftəsində aşağı səviyyədə təmsil olunub. Ekspertlər rəsmi Aşqabadın neytrallıq siyasəti bəhanəsi ilə son zamanlar qlobal enerji və logistika layihələrinə dair əsaslı müzakirələrdən yayındığını bildirirlər.
"Türkmənistan Türk dünyasının ən zəif mövqedə olan dövlətlərindən biridir. Hətta Türkmənistanı Türk dünyasının zəif bəndi kimi də qiymətləndirmək olar. Bu ölkənin siyasi iradəsi məhdud çərçivədə öz təsirini göstərə bilir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, ən mühüm məqamlardan biri ondan ibarətdir ki, Türkmənistan hələ də Rusiyanın təzyiqlərinə və təsirlərinə kifayət qədər həssasdır. Buna görə də atdığı addımlarda, hətta iqtisadi və ticari münasibətlərdə belə Rusiyanın narazılığına səbəb olmaqdan çəkinir. Bu mövqe isə bir çox hallarda Türkmənistanın özünün əleyhinə işləyir. Ölkə həm iqtisadi, həm ticari, həm də siyasi sahələrdə öz maraqlarını reallaşdırmaqda çətinlik çəkir. Belə görünür ki, hələlik Türkmənistanın dövlət olaraq zəif mövqedə qalması bu ölkəni Türk dünyasına aid layihələrdən, Türk Dövlətləri Təşkilatının fəaliyyətindən, eləcə də mühüm regional və geostrateji təşəbbüslərdən müəyyən məsafə saxlamağa məcbur edir. Rəsmi Aşqabad Kremlin hədəfinə çevrilməmək üçün bir çox hallarda bu cür mühüm qlobal və geostrateji xarakterli fəaliyyət istiqamətlərindən mümkün qədər uzaq durmağa üstünlük verir. Bu da Türkmənistanın siyasətində daim müşahidə olunan xüsusiyyətlərdən biridir. Görünür ki, Rusiyanın təsir dairəsindən çıxmaq üçün daha geniş imkanlar və ya əlverişli şərait yaranana qədər bu proses eyni şəkildə davam edəcək.
Səidə Ramazanova