Ermənilər Azərbaycanın məşhur mahnısına oynadılar

Ermənistanda bir qrup insan Azərbaycan bəstəkarı Bəhram Nəsibov tərəfindən bəstələnən və Azərbaycan xalqı üçün xüsusi mənəvi dəyər daşıyan "Qarabağ" mahnısının sədaları altında rəqs edib. Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

"Anadır arzulara hər zaman Qarabağ" sözləri ilə tanınan "Qarabağ" mahnısı uzun illərdir Azərbaycan xalqının Qarabağa bağlılığının, vətən sevgisinin və doğma torpaqlara həsrətinin musiqi simvollarından biri hesab olunur.

Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan "Qarabağ" əsəri ("Əsər") 20-ci əsrdə yaradılıb və ilk dəfə Azərbaycanın xalq artisti Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilib. Əsər dəfələrlə Azərbaycan, Türkiyə, Özbəkistan və digər ölkələrdə kütləvi ifa edilib, həmin kütləvi ifaların çoxlu sayda video və audio yazıları mövcuddur.

Qeyd edək ki, "Qarabağ" mahnısı son illərdə müəllif hüquqları ilə bağlı müzakirələrin də mərkəzində olub. Azərbaycanın aidiyyəti qurumları əsərin Bəhram Nəsibova məxsus olduğunu vurğulayaraq onun müxtəlif formalarda mənimsənilməsi cəhdlərinə etiraz ediblər.

Ermənistanda məhz bu mahnının səslənməsi və insanların onun ritminə qoşularaq rəqs etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi bunu musiqinin sərhəd tanımadığının nümunəsi kimi dəyərləndirib, digərləri isə "Qarabağ" mahnısının Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunu xatırladıb. Müsavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31