Bakının çoxvektorlu diplomatiyası: Şərqdən Qərbə, Şimaldan Cənuba tərəfdaşlıq – ÖZƏL
17:43 Siyasət"Azərbaycan xarici siyasət doktrinasında çoxvektorlu siyasət həyata keçirir. Bu siyasətin nəticəsində Azərbaycan qlobal güclərin maraqlarını Cənubi Qafqazda müəyyən qədər uzlaşdırmağı bacarıb və nəticədə ölkədə sabit dövlət idarəçiliyi formalaşıb".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıqda maraqlıdır. Azərbaycan xarici işlər nazirinin Yaponiyaya səfəri və burada keçirilən ikitərəfli görüşlər hər iki dövlətin milli və dövlət maraqlarına uyğundur. Azərbaycan bir çox sahələrdə inkişaf edir və regional əməkdaşlıqdan qlobal əməkdaşlığa doğru fəaliyyətini genişləndirir. Ölkəmiz dünyanın müxtəlif dövlətləri ilə, istər Avropa, istər Şərq, istər Qərb, eləcə də Şimal və Cənub istiqamətlərində əməkdaşlığını davamlı şəkildə inkişaf etdirir. Bu əməkdaşlıq tərəfdaşlarından biri də Yaponiyadır. Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan dövlətlərdən biridir və ölkəmizin müxtəlif sahələrinə sərmayə yatırmaqda maraqlıdır. Yaponiyanın yüksək texnologiyalar sahəsindəki təcrübəsi Azərbaycanın inkişafına, xüsusilə sənaye sektorunda, həm yüngül sənayedə, həm də ağır maşınqayırma sahəsində mühüm töhfələr verə bilər. Eyni zamanda Azərbaycan enerji təhlükəsizliyi sahəsində də bir çox dövlətlərlə əməkdaşlıq edir. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə enerji sahəsində tərəfdaşlıq əlaqələri qurub. Bununla yanaşı, Yaponiya və ümumilikdə Uzaq Şərq regionunun dövlətləri ilə də əməkdaşlığın genişləndirilməsi ölkəmizin xarici siyasət prioritetlərindən biridir.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan xarici işlər nazirinin bu bölgəyə səfəri bir çox amillərlə bağlıdır. Bu səfər eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin və imicinin daha da möhkəmlənməsi, xaricdə dost və tərəfdaşlarının sayının artması baxımından da əhəmiyyət daşıyır. Bu səfər həm Azərbaycanın, həm də Yaponiyanın dövlət və milli maraqlarına uyğun olan, qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edən mühüm səfərlərdən biridir.
Səidə Ramazanova