Seçki bitdi, gərginlik başladı: Ermənistanı nələr gözləyir? – ŞƏRH – ÖZƏL

"Ermənistanda seçkilər keçirilsə də, bilirsiniz ki, istər ölkə daxilində, istərsə də xaricdə bu seçkilərin keçirilməsi və nəticələri birmənalı qarşılanmayıb. Artıq məlum olub ki, "Çiçəklənən Ermənistan" blokunun rəhbəri Qaqik Tsarukyan, "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyan, eləcə də digər siyasi qüvvələrin liderləri, o cümlədən Robert Köçəryanın rəhbərlik etdiyi blok seçkilərdə ciddi qanun pozuntularının baş verdiyini bildirərək Konstitusiya Məhkəməsinə və Mərkəzi Seçki Komissiyasına müraciət edəcəklərini açıqlayıblar".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, artıq 550 seçki məntəqəsində səslərin yenidən sayılması ilə bağlı müraciət olunub və Ermənistan Mərkəzi Seçki Komissiyası da belə müraciətlərin daxil olduğunu təsdiqləyib. Bu gün hansı məntəqələrdə yenidən sayılmanın aparılacağı ilə bağlı qərarın açıqlanması gözlənilir. Ermənistanda seçki pozuntularını təkcə müxalifət deyil, beynəlxalq müşahidəçilər də qeyd ediblər. ATƏT-in müşahidə missiyası öz hesabatında müəyyən problemlərə diqqət çəkib. Hətta Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də bildirib ki, Ermənistanda Gürcüstanla müqayisədə daha çox seçki pozuntusu və müxalifətə təzyiq halları müşahidə olunub. Buna baxmayaraq, Avropa İttifaqı rəhbərliyi, o cümlədən Ursula fon der Leyen Paşinyanı seçkilərdə əldə etdiyi nəticə münasibətilə təbrik edib. Bu isə müəyyən dairələr tərəfindən ikili standartların nümunəsi kimi qiymətləndirilir. Çünki başqa ölkələrdə analoji hallar baş verdikdə Avropa İttifaqının daha sərt mövqe sərgilədiyi iddia olunur. 

Ekspert qeyd edib ki, müxalifətin bundan sonra hansı addımları atacağına gəlincə, onlar artıq iki istiqamət müəyyənləşdiriblər. Birinci istiqamət hüquqi mübarizədir, yəni seçkilərin nəticələrinə qanuni yollarla etiraz etməkdir. İkinci istiqamət isə kütləvi aksiyalar və mitinqlər vasitəsilə siyasi təzyiq göstərməkdir. Lakin hazırkı vəziyyət göstərir ki, Ermənistan müxalifəti parlamentdə fəaliyyət göstərmək niyyətindədir. Onların əsas məqsədi Paşinyanın partiyasının deputat sayını azaltmağa nail olmaqdır. Hazırda hakim partiyanın parlamentdə 64 mandatı var və bu say hökuməti tam şəkildə formalaşdırmağa imkan verir. Müxalifət isə hesab edir ki, bəzi məntəqələrdə yenidən sayılma nəticəsində mandat bölgüsündə dəyişiklik ola bilər. Əgər hakim partiyanın mandat sayı 61-ə qədər azalarsa və digər siyasi qüvvələr əlavə mandat qazanarsa, bu zaman Paşinyanın bəzi mühüm qərarları qəbul etməsi çətinləşə bilər. Xüsusilə də dövlət əhəmiyyətli məsələlərdə və bəzi yüksək vəzifəli şəxslərin təyin olunmasında müxalifətin dəstəyi vacib ola bilər. Müxalifət artıq bununla bağlı müxtəlif açıqlamalar verərək hansı istiqamətdə fəaliyyət göstərəcəklərini bəyan edib. Ermənistanda müxalifət hazırda daha çox Paşinyanın zəifləyən mövqeyini siyasi və dinc yollarla daha da zəiflətməyə çalışacaq.

"Rusiyanın hansı addımları atacağı məsələsində isə rəsmi nəticələr elan olunduqdan və Paşinyan yenidən baş nazir seçildikdən sonra daha aydın görəcəyik. Burada əsas məqam Paşinyanın bundan sonrakı siyasi kursunun necə olacağıdır. Paşinyan yenə də özünəməxsus siyasətini davam etdirir. Bir tərəfdən Avropa Parlamentinə müraciət edərək partiyasının Avropanın ən böyük siyasi fraksiyalarından birinə qoşulmasını istəyir. Digər tərəfdən isə bildirir ki, ilk xarici səfərini Rusiyaya etməyi planlaşdırır. Eyni zamanda vurğulayır ki, Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyəti yoxdur və ölkə hələ Avropa İttifaqına üzvlük üçün namizəd olmağa da hazır deyil. Yəni Paşinyan həm Qərblə, həm də Rusiya ilə münasibətləri paralel şəkildə davam etdirməyə çalışır. Təbii ki, Rusiyanın sonrakı addımları da məhz bu siyasətin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq. Rusiyanın əlində Ermənistana təsir göstərmək üçün iqtisadi, siyasi və logistik rıçaqlar mövcuddur. Lakin mən hərbi rıçaqların işə salınacağını real hesab etmirəm. Çünki bu, əksinə, Rusiyanın öz mövqeyinə zərbə vura və Paşinyanın maraqlarına xidmət edə bilər. Ona görə də hesab edirəm ki, hələlik qarşılıqlı bəyanatlar və siyasi təzyiqlər davam edəcək. Müxalifət Ermənistanda öz mövqelərini daha da gücləndirməyə çalışacaq, sonrakı proseslər isə əsasən Paşinyanın tutacağı siyasi xəttdən asılı olacaq", - deyə siyasi şərhçi vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31