Üç ölkə, bir hədəf: İstanbul sammiti regiona nə vəd edir? – ÖZƏL
14:52 Siyasətİyunun 8-də İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə Türkiyə, Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin 10-cu üçtərəfli görüşü baş tutub. Görüşdə ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqazdakı regional proseslər, nəqliyyat-tranzit şəbəkələrinin inkişafı, enerji təhlükəsizliyi və iqtisadi əlaqələrin dərinləşdirilməsi müzakirə olunub.
"Bu üçtərəfli format Cənubi Qafqazda iqtisadi və logistik xəritənin daha dayanıqlı şəkildə formalaşması üçün mühüm mexanizm yaradır. Burada əsas məqsəd regionda geosiyasi qarşıdurma mərhələsinin tədricən arxa plana keçməsi və əməkdaşlıq mərhələsinin ön plana çıxmasıdır. Çünki uzun illərdir Azərbaycan, Türkiyə və Gürcüstan qarşılıqlı və davamlı əməkdaşlıq həyata keçirirlər və bu əməkdaşlığın əsasını enerji, nəqliyyat və tranzit layihələri təşkil edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. İqtisadçı bildirib ki, bu məsələyə dayanıqlılığın təmin edilməsi baxımından yanaşmaq lazımdır. Eyni zamanda məqsəd digər regionlarla müqayisədə rəqabətqabiliyyətli iqtisadi məkanın formalaşdırılmasıdır. Çünki bu üç ölkənin hər biri regional zəncirin fərqli və vacib hissələrini təşkil edir. Azərbaycan zəngin neft-qaz ehtiyatları ilə enerji mənbəyi rolunu oynayır. Gürcüstan Qara dənizə çıxışı təmin edir. Türkiyə isə Avropa bazarlarına inteqrasiya üçün əsas qapı funksiyasını yerinə yetirir. Bu üç vacib amilin birləşməsi region üçün ciddi üstünlüklər yaradır. Ayrı-ayrı ölkələr üçün faydalara gəldikdə isə, Azərbaycan tranzit və enerji gəlirlərini artırmaq imkanı qazanır, eyni zamanda Orta Dəhlizdə strateji mövqeyini daha da gücləndirir. Bundan başqa, qeyri-neft məhsullarının ixracı üçün yeni bazarlara çıxış imkanları formalaşır. Türkiyə üçün bu format Asiya ilə Avropa arasında ticarət xəttinin əsas logistik qovşağı kimi rolunu artırır. Üç ölkə arasında formalaşan əməkdaşlıq Türkiyənin Avropa və Asiya arasında körpü funksiyasını daha da gücləndirir. Bu, tranzit və daşınma gəlirlərinin artmasına, həmçinin Türkiyənin qlobal iqtisadi təsir imkanlarının genişlənməsinə şərait yaradır. Gürcüstan üçün də mühüm üstünlüklər mövcuddur. Ölkənin liman və dəmir yolu infrastrukturu kifayət qədər inkişaf edib. Qara dənizə çıxış imkanları Gürcüstanın limanlarının və logistik xidmətlərinin daha da inkişaf etməsinə səbəb olur. Bu isə ölkənin tranzit dövlət kimi əhəmiyyətini artırır, Qara dəniz üzərindən ticarət həcmlərinin genişlənməsinə və reeksport imkanlarının böyüməsinə şərait yaradır.
Ekspert qeyd edib ki, Zəngəzur dəhlizi faktoru da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Ermənistan üzərindən keçə biləcək alternativ marşrutların formalaşması imkanları da gündəmdədir. Bu baxımdan, Türkiyə və Azərbaycan arasında əlaqələrin genişlənməsi fonunda həm Gürcüstanın, həm də Ermənistanın regional nəqliyyat və logistika sistemində daha fəal iştirak etmək imkanları yaranır. Bir sözlə, bu platforma regionda siyasi dialoqu və koordinasiyanı gücləndirə, iqtisadi inteqrasiyanı dərinləşdirə bilər. İqtisadi inteqrasiyanın genişlənməsi isə Cənubi Qafqazda davamlı sülh üçün real iqtisadi baza formalaşdırır.
"Bu gün Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin seçkilərdə qalib gəlməsi də bu görüşün əhəmiyyətini müəyyən qədər artırır. Çünki bu nəticə regional əməkdaşlıq baxımından daha institusional və siyasi zəmin formalaşdırır. Məhz bu zəminin yaranması səbəbindən hesab edirəm ki, qarşıdakı dövrdə üçtərəfli formatın gələcəkdə dördtərəfli formata çevrilməsi ehtimalı da istisna deyil", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova