Hər şey rəsmi Bakının hədəflədiyi kimi inkişaf edəcək- ÖZƏL

"Ermənistanda keçirilən parlament seçkiləri xarici qüvvələrin seçki qabağı fəal müdaxilələrinə baxmayaraq gözlənilən kimi hakim Vətəndaş Müqaviləsi Partiyasının qələbəsi ilə başa çatdı.  Məsələyə Azərbaycan və Ermənistan münasibətləri kontekstindən yanaşdıqda seçkilərin nəticələrinə əsasən hal hazırda diqqətlərin fokuslandığı mövzu məhz Bakı - İrəvan arasında sülh gündəliyinin inkişaf tendensiyasıdır. Görüntü etibarilə Nikol Paşinyan və onun komandası sülh gündəliyinə sadiqdir. Təbii ki, paraflanmış sülh müqaviləsindən əvvəl həllini gözləyən məsələlər var və onlar mütləq şəkildə öz həllini tapmalıdır. İlk olaraq Ermənistan Konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının çıxarılması prioritet məsələdir". Bunu "Olaylar"a siyasi şərhçi Pərviz Mirizadə deyib:  "Təbii ki, Paşinyan üçün yeni seçki dövrünə keçid etmək kifayət qədər çətin olacaq. Çünki seçkilər göstərdi ki, hakim qüvvənin reytinqi qalib gəlsələr belə azalmağa doğru gedir və müxaliflərin parlemetdə mandat sayı artdı. Belə olduğu təqdirdə, əsas qayəsi revanşist ideyaları kürükləmək olan simaların sayının artması prosesin qərgin keçəcəyi ehtimalını qüvvətləndirir. Lakin hesab edirəm ki, erməni cəmiyyəti sülh gündəliyinə səs verməklə artıq öz qərarını və prosesin inkişaf meylini müəyyənləşdirdi. Düzdür, Kremlin İrəvanın  Qərbə inteqrasiyasını qəbul etmək istəmir və bunun üçün öz təzyiq mexanizmlərini, xüsusilə, iqtisadi təzyiq rıçaqlarını işə salıb. Ancaq reallıq ondan ibarətdir ki, Rusiyanın gedişatı tamamilə dəyişmək gücü yoxdur.  Bu mənada düşünürəm ki, revanşistlərin cəhdləri ciddi nəticələrə gətirib çıxarmayacaq. TRİİP layihəsinə gəldikdə isə, layihənin reallaşması önünündə göründüyü kimi ciddi siyasi bariyer yoxdur. Texniki məsələlərin həllindən sonra layihənin reallaşması artıq an məsələsi olacaq. Rubionun  Ermənistana səfəri Vaşinqtonun bu məsələdə həssas olduğunu təsdiq etdi. Belə olduğu təqdirdə müxalif qüvvələrin TRİİP layihəsinə maneə törətməsi aşağı ehtimaldır. Təbii ki, regional dinamika da burada vacib rol oynayır. İranla bağlı proseslər, regionda eskalasiya şəraitinin yüksək olması müəyyən mənfilər formalaşdırır. Ancaq düşünürəm ki, hər şey məhz rəsmi Bakının hədəflədiyi kimi inkişaf edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31