Şuşa Bəyannaməsi” bütün dünyaya verilmiş qətiyyətli bir strateji mesajdır- ÖZƏL
11:55 Siyasət"2021-ci il iyunun 15-də Şuşada imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" bütün dünyaya verilmiş qətiyyətli bir strateji mesajdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Sənədin ən mühüm regional əhəmiyyəti isə Ermənistandakı revanşist qüvvələrə və onların arxasında dayanan dairələrə verilən açıq xəbərdarlıqdır. Şuşa Bəyannaməsi ilə Türkiyə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və dövlət sərhədlərinə qarşı hər hansı təhdid yaranarsa, Ankara bütün imkanları və ordusu ilə Bakının yanında olacaqdır. Müdafiə sahəsində əməkdaşlıq, müştərək hərbi yardım məsələləri və Silahlı Qüvvələrimizin müasir standartlara uyğun olaraq yenidən formalaşdırılması regionda yeni sülhün və sabitliyin yeganə qarantıdır. 44 günlük Vətən müharibəsində möcüzələr yaradan pilotsuz uçuş aparatlarının və hərbi texnologiyaların ölkəmizdə müştərək istehsal mərkəzinin yaradılması perspektivi hərbi qüdrətimizi daha da sarsılmaz edəcək. Bəyannamə çərçivəsində atılan addımlar hər iki dövlətin milli iqtisadiyyatının və ixracatının şaxələndirilməsinə xidmət edir. Qarşılıqlı investisiya qoyuluşları, əlverişli sərmayə mühitinin yaradılması işğaldan azad edilmiş ərazilərimizin sürətlə bərpasına və xüsusilə Şuşa və ətraf rayonların böyük turizm layihələrinin mərkəzinə çevrilməsinə rəvac verir".