Paşinyanın qələbəsi sülh ümidlərini artırır, amma revanşizm təhlükəsi qalır”- ÖZƏL

"Nikol Paşinyanın seçkilərdə qələbəsi Cənubi Qafqazda gələcəkdə sülhün bərqərar olunmasına müəyyən ümidlər yaradır. Belə ki, Paşinyan özü də seçkilərdən dərhal sonra verdiyi bəyanatlarda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini qeyd edib".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib:

" Ümid edirəm ki, bu siyasət davam edəcək. Hesab edirəm ki, bu, pozitiv bir açıqlamadır. Bu yanaşma Cənubi Qafqazın sülh coğrafiyasına çevrilməsi baxımından vacibdir. Kommunikasiyaların açılması və Ermənistanla sülh müqaviləsinin imzalanması, əlbəttə ki, bölgəyə davamlı sülh və sabitlik gətirə bilər. Türkiyə ilə münasibətlər məsələsinə gəldikdə isə Paşinyan çox yaxşı başa düşür ki, Ermənistanın Avropaya əsas çıxışı Türkiyə üzərindən olmalıdır. Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistan dövlətinin gələcəyi baxımından olduqca önəmlidir. Çünki Paşinyan hesab edir ki, Rusiyadan gələn təzyiqlər hələ də davam edəcək və bu təzyiqlərin qarşısında dayanmaq üçün Azərbaycanla, o cümlədən Türkiyə ilə münasibətləri normallaşdırmağa ciddi ehtiyac var.
Bu baxımdan Paşinyanın qələbəsi müsbət hadisədir. Çünki bu, gələcəklə və sülhlə bağlı müəyyən ümidlər yaradır. Amma eyni zamanda diqqətçəkən məqam ondan ibarətdir ki, bu seçkilər erməni cəmiyyətində revanşist əhval-ruhiyyənin hələ də ciddi dəstək gördüyünü nümayiş etdirdi. Parlamentə düşən və təxminən 40 faizdən artıq səs toplamış revanşist qüvvələrin dəstəklənməsi bunun göstəricisidir. Bu nüansları da nəzərə almalıyıq. Bölgədə sülhün daha sürətlə bərqərar olunması üçün Ermənistanın konkret addımlar atmasına ehtiyac var. Bu addımlardan birincisi Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsi və ardınca Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Bu, bölgəyə dayanıqlı və davamlı sülhün gəlməsinə şərait yarada bilər. Təbii ki, kommunikasiyaların açılması da çox vacibdir. Bu, bütün region ölkələrinin, xüsusilə də Ermənistanın maraqlarına cavab verən mühüm bir hadisə olardı".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31