“Cənubi Qafqazın gələcəyini bəyanatlar deyil, praktiki addımlar müəyyən edəcək” – ÖZƏL

"Ermənistanda keçirilən parlament seçkilərindən sonra Nikol Paşinyanın ilk siyasi mesajlarını məhz Azərbaycan və Türkiyəyə ünvanlaması təsadüfi deyil. Bu, ilk növbədə onu göstərir ki, Ermənistan cəmiyyəti və siyasi hakimiyyəti artıq regionun gələcəyinin müharibə və qarşıdurma deyil, əməkdaşlıq və kommunikasiyalar üzərində qurulduğunu qəbul etməyə başlayıb. Paşinyan seçki kampaniyası dövründə dəfələrlə bəyan etmişdi ki, Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafı qonşularla münasibətlərin normallaşmasından keçir. Seçkilərdə əldə etdiyi üstünlükdən sonra bu tezisləri yenidən səsləndirməsi onun qarşıdakı siyasi kursunun əsas istiqamətlərini ortaya qoyur".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi bildirib ki, xüsusilə, Azərbaycanla sülh sazişinin imzalanması və nəqliyyat-kommunikasiya xətlərinin açılması barədə verdiyi mesajlar regionda yeni geosiyasi reallıqların qəbul edilməsinin göstəricisidir.

Ekspert əlavə edib ki, nəzərə almaq lazımdır ki, Ermənistan daxilində hələ də revanşist qüvvələr və xarici təsirlər mövcuddur. Ona görə də Paşinyanın bəyanatlarının real nəticələrə çevrilməsi yalnız sözlərlə deyil, konkret addımlarla ölçüləcək. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh gündəliyinə sadiqdir və regionda uzunmüddətli sabitliyin tərəfdarıdır. İndi əsas məsələ Ermənistanın da bu istiqamətdə ardıcıl və prinsipial mövqe nümayiş etdirməsidir.

"Hesab edirəm ki, Paşinyanın açıqlamalarını Ermənistanın xarici siyasətində müəyyən mənada yeni mərhələnin davamı kimi qiymətləndirmək olar. Əslində bu xətt son illərdə formalaşmağa başlayıb, lakin seçkilərdən sonra əldə olunan siyasi legitimlik hakimiyyətə daha cəsarətli qərarlar vermək imkanı yarada bilər. Ermənistan rəhbərliyi anlayır ki, regiondan təcrid olunmuş vəziyyətdə qalmaq ölkənin inkişaf perspektivlərini ciddi şəkildə məhdudlaşdırır. Türkiyə-Ermənistan münasibətlərinə gəldikdə isə, sərhədlərin açılması və diplomatik münasibətlərin normallaşması istiqamətində prosesin sürətlənməsi mümkündür. Ancaq burada da əsas amil Azərbaycan-Ermənistan münasibətlərində əldə olunacaq nəticələrdir. Ankara dəfələrlə bəyan edib ki, Cənubi Qafqazda davamlı sülhün təmin olunması Türkiyə-Ermənistan normallaşmasının vacib elementidir. Bu baxımdan Ermənistanın Azərbaycanla münasibətlərdə konstruktiv davranışı Türkiyə ilə əlaqələrin inkişafına da müsbət təsir göstərə bilər", - deyə ekspert bildirib.

Ekspertin fikrincə, verilən mesajlar regionda yeni əməkdaşlıq imkanlarının mövcudluğunu göstərir. Ancaq Cənubi Qafqazın gələcəyini bəyanatlar deyil, imzalanacaq sənədlər, açılacaq kommunikasiyalar və həyata keçiriləcək praktiki addımlar müəyyən edəcək."- deyə, B.Quliyev bildirib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31