Nəqliyyat, enerji və ticarət: Üçtərəfli əməkdaşlığın strateji üstünlüklər ÖZƏL
16:53 Siyasət"Türkiyə, Azərbaycan və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq platforması regionda dialoqun və qarşılıqlı etimadın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xarici işlər nazirlərinin görüşü regional məsələlər üzrə mövqelərin uzlaşdırılmasına, ortaq maraqların müəyyənləşdirilməsinə və əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsinə töhfə verə bilər. Bu cür təmaslar Cənubi Qafqazda sabitliyin qorunmasına, iqtisadi inteqrasiyanın genişlənməsinə və uzunmüddətli əməkdaşlıq mühitinin formalaşmasına müsbət təsir göstərir".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"Üçtərəfli formatın əsas üstünlüklərindən biri nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsidir. Azərbaycan, Gürcüstan və Türkiyə Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit marşrutunun üzərində yerləşir. Dəmir yolu, avtomobil yolu və liman infrastrukturunun inkişafı yükdaşımaların həcmini artıraraq region ölkələrinin tranzit gəlirlərini yüksəldə bilər. Eyni zamanda, enerji sahəsində əməkdaşlığın dərinləşməsi enerji təhlükəsizliyinin möhkəmlənməsinə və yeni investisiyaların cəlb olunmasına imkan yaradır.
Ticarət-iqtisadi baxımdan isə əməkdaşlığın genişlənməsi qarşılıqlı ticarət dövriyyəsinin artmasına, biznes mühitinin yaxşılaşmasına və yeni investisiya layihələrinin reallaşdırılmasına şərait yarada bilər. Region ölkələri arasında iqtisadi əlaqələrin güclənməsi məşğulluğun artmasına, ixrac imkanlarının genişlənməsinə və ümumilikdə iqtisadi inkişafın sürətlənməsinə töhfə verə bilər. Bu baxımdan üçtərəfli format yalnız siyasi deyil, həm də iqtisadi baxımdan regionun inkişafı üçün vacib platformalardan biri hesab olunur".
Zeynəb Mustafazadə