Ekspert: “Paşinyanın qələbəsi Rusiyanın regional planlarını alt-üst etdi” – ÖZƏL

"Təbii ki, Ermənistandakı seçkilər bütövlükdə Cənubi Qafqaz üçün böyük önəm daşıyırdı. Çünki bu seçkilərdə Rusiyanın agentura şəbəkəsi qalib gəlsəydi, regionda yenidən hərbi-siyasi qarşıdurmanın daha da dərinləşməsi istiqamətində proseslər inkişaf edə bilərdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Kreml Ermənistanda hakimiyyətə gətirmək istədiyi qüvvələr vasitəsilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışacaq, bununla da Qərbin regiona təsir imkanlarını məhdudlaşdırmağı hədəfləyəcəkdi. Nəticədə Cənubi Qafqaz yenidən qarışıqlıq dövrü yaşamaq məcburiyyətində qala bilərdi. Ancaq Rusiyanın dəstəklədiyi qüvvələr bu seçkilərdə ağır məğlubiyyətə uğradılar və indi regionda sülh və sabitlik baxımından daha ümidverici perspektivlər müşahidə olunur. Belə hesab etmək olar ki, Paşinyan hakimiyyətini qoruduğuna görə ilk növbədə yeni hökumətin formalaşdırılması prosesini ön plana çəkəcək, bundan sonra isə yarımçıq qalmış məsələlərin həlli istiqamətində addımlar atmağa çalışacaq. Təbii ki, Paşinyan Rusiya ilə münasibətlərin müəyyən çərçivədə qorunmasına da cəhd göstərəcək. Bu səbəbdən o, Moskvaya səfər edəcəyini bəyan edib. Digər tərəfdən, ABŞ və Avropa İttifaqı ilə münasibətlərin Ermənistan üçün böyük önəm daşıdığını vurğulayaraq bu istiqamətlərdə də səfərlər planlaşdırdığını bildirib.

Ekspert qeyd edib ki, Paşinyan Bakıya səfər etmək niyyətində olduğunu da diqqətə çatdırıb. Bu, onu göstərir ki, Ermənistan hakimiyyəti üçün Azərbaycan artıq strateji əhəmiyyət daşıyan dövlətlərdən biridir. Rəsmi İrəvan nəyin bahasına olursa-olsun həm Azərbaycanla, həm də Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışır. Böyük ehtimalla, Paşinyan bu məqsədə çatmaq üçün daha qətiyyətli addımlar atmalı olacaq. İlk növbədə Ermənistan Konstitusiyasının dəyişdirilməsinə cəhd göstərəcək. Bəzi məlumatlara görə, yeni Konstitusiyanın mətni artıq hazırdır və yaxın aylarda onun referendum vasitəsilə təsdiqlənməsinə çalışılacaq. Bundan sonra Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında ciddi maneələrin qalmayacağı ehtimal olunur. Çünki yeni Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının ləğv ediləcəyi gözlənilir. Bu isə iki ölkə arasında yekun sülh sazişinin imzalanması ehtimalını daha da artırır. Təbii ki, bununla Cənubi Qafqaz üçün müsbət proseslər yekunlaşmayacaq. Region üçün böyük əhəmiyyət daşıyan strateji layihələrdən biri olan TRIPP layihəsi, yəni Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərin daha intensiv şəkildə inkişaf etməsi gözlənilir. Seçkilərə bir həftə qalmış ABŞ administrasiyasının dövlət katibi Marko Rubionu İrəvana göndərməsi də bu layihənin reallaşdırılmasında maraqlı olduğunu göstərən mühüm siqnal kimi qiymətləndirilmişdi. Hazırda TRIPP layihəsi ilə bağlı hüquqi sənədlərin hazırlanması və razılaşdırılması prosesi yekunlaşmağa başlayıb. Bundan sonrakı mərhələdə Paşinyan hakimiyyətinin layihənin həyata keçirilməsinə daha israrlı şəkildə çalışacağı ehtimal edilir. Böyük ehtimalla, layihə yaxın bir neçə il ərzində reallaşdırılacaq. Bu isə həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf perspektivləri baxımından müsbət nəticələr vəd edir. Bütün bunlar onu göstərir ki, Ermənistanda Paşinyan hakimiyyətinin seçkilərdə qalib gəlməsi Rusiyanın regionla bağlı planlarının qarşısının alınmasına şərait yaradıb və nəticədə Cənubi Qafqaz sülh və sabitlik şəraitində inkişaf etmək imkanlarını qoruyub saxlayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31