Paşinyanın qələbəsindən sonra: Sülh müqaviləsi nə qədər yaxındır?- ÖZƏL
15:58 SiyasətErmənistanda keçirilən parlament seçkilərində gözlənildiyi kimi, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyası qələbə qazandı. Paşinyan seçkilərdən sonra Moskva, Vaşinqton, Brüssel və Bakıya səfər etməyi planlaşdırdığını açıqlayıb. Bu nəticələr fonunda Azərbaycan-Ermənistan sülh müqaviləsinin perspektivləri yenidən diqqət mərkəzinə gəlib.
Paşinyanın seçkilərdə qələbəsi Azərbaycanla sülh müqaviləsinin imzalanması ehtimalını nə dərəcədə artırır? Paşinyanın Bakıya mümkün səfəri iki ölkə arasında münasibətlərin normallaşması baxımından hansı siyasi mesajları verə bilər?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Paşinyanın və ya başqa bir siyasi qüvvənin seçkilərdə qələbə qazanmasından asılı olmayaraq, bu sülh müqaviləsinin imzalanmasının əsas səbəbkarı, bu nəticəyə gətirib çıxaran Azərbaycan dövlətidir, Azərbaycan siyasi rəhbərliyidir, Prezident İlham Əliyevdir, Azərbaycan xalqı və ordusudur. Mənə görə, şəxsən Paşinyan da Koçəryan-Sərkisyan medalının başqa bir üzvüdür. İndi Azərbaycanda bəzi insanlar Paşinyandan sülh göyərçini obrazı yaratmağa çalışırlar. Belə bir təqdimat var ki, Paşinyan deyil, başqaları olsaydı, bu məsələlər ümumiyyətlə baş tutmayacaqdı. Guya revanşistlər və radikal qruplar hakimiyyətdə olsaydı, fərqli vəziyyət yaranacaqdı. Mən bu fikirlərlə razı deyiləm. Bu sülhün təminatçısı da, qoruyucusu da, sabitliyin təminatçısı da Azərbaycan dövlətidir. Ermənistanı sülh müqaviləsinə məcbur edən tərəf də Azərbaycan dövləti və onun gücüdür.
Əgər Koçəryan Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törədibsə, Paşinyan da İkinci Qarabağ müharibəsi zamanı Gəncənin, Bərdənin, Tərtərin bombalanmasına əmr vermiş şəxsdir.
Ona görə də biz Paşinyandan, onun seçkilərdə qalib gəlməsindən də xüsusi gözlənti içində deyilik. Biz hesab edirik ki, Azərbaycan dövləti bu istiqamətdə sülh siyasətini Paşinyanla danışıqlar apararaq həyata keçirir. Bu, dövlət siyasətidir və bugünkü reallığın tələbidir. Hesab edirəm ki, bu, doğru yanaşmadır.
Amma biz cəmiyyət olaraq, xalq olaraq hər zaman ayıq-sayıq olmalıyıq. Ermənilər xain bir toplumdur. Biz yüz ildən artıqdır ki, bunun ağrısını və acısını yaşayırıq. Öz yaxın qonşularına, onlara torpaq vermiş, su vermiş, çörək vermiş Azərbaycan xalqına qarşı cinayətlər törətmiş bir toplumdur və biz bunları unutmamalıyıq. Sülh müqaviləsinin imzalanma ehtimalından danışmaqdan daha çox, mən hesab edirəm ki, sülh müqaviləsi artıq imzalanmalıdır. Ermənistan, Paşinyan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. İndi də referendum məsələsini və digər məsələləri ortaya atacaqlar. Beləcə, prosesi uzatmağa çalışacaqlar.
Əgər belə bir cəhd edərlərsə, bunu da təqdir etmirəm. Hesab edirəm ki, bu, yanlış istiqamətdir və bu məsələlər təcili şəkildə tənzimlənməlidir. Bu, təkcə sülh sazişi və ya sülh müqaviləsi ilə bağlı məsələ deyil. Zəngəzur dəhlizi açılmalıdır. Qərbi azərbaycanlıların dinc və ləyaqətli yaşaması təmin edilməlidir.
Bakıya mümkün səfəri ilə bağlı isə düşünürəm ki, sülh müqaviləsi imzalanmadan öncə belə bir addımın atılması çətin görünür. Sülh müqaviləsi imzalandıqdan sonra isə bu və digər qarşılıqlı səfərlərin həyata keçirilməsi mümkün ola bilər.
Siyasət öz yerindədir. Biz beynəlxalq siyasətin tələblərini yerinə yetiririk. Amma bir daha deyirəm, ermənilərin, Paşinyanın, Koçəryanın, Sərkisyanın, kim olduğunu unutmamalıyıq və unutmuruq. Reallıq bu gün sülh müqaviləsinin imzalanması istiqamətində formalaşır. Amma başqa hallar da olarsa, biz həmin məsələlərə də lazımi cavab verməyə hazırıq. Bunun üçün Azərbaycan dövlətinin kifayət qədər gücü və qüdrəti var".
Zeynəb Mustafazadə