Sosial şəbəkələrə məhdudiyyətin alternativi təqdim olunmalıdır - MEDİA rəsmisi

Jurnalist camiəsinin üzərinə düşən əsas vəzifə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanundan irəli gələn məsələlərin cəmiyyətə düzgün izah edilməsidir.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında deyib.

MEDİA rəsmisinin sözlərinə görə, qanun layihəsi ilə bağlı müxtəlif fikirlər səsləndiriləcək:

"Təcrübə göstərir ki, belə təşəbbüslər ortaya çıxanda çox zaman spekulyativ yanaşmalar və yanlış şərhlər daha sürətlə yayılır. Sonradan isə biz həmin məlumatları təkzib etməyə və ya onlara düzəliş verməyə çalışırıq. Təəssüf ki, bu yanaşma hər zaman kifayət qədər effektiv olmur. Məhz buna görə informasiya siyasətində təşəbbüsü öz əlimizə almalıyıq".

N. Məmmədli qeyd edib ki, bu qanun cəmiyyətə qadağa kimi deyil, uşaqlar üçün yeni imkanlar yaradan bir təşəbbüs kimi təqdim edilməlidir:

"Çünki burada məqsəd sadəcə məhdudiyyət tətbiq etmək deyil. Biz sosial şəbəkələrdə məqsədsiz və sistemsiz şəkildə vaxt keçirilməsini məhdudlaşdırırıqsa, bunun alternativini də təklif etməliyik. Uşaqlara faydalı informasiya təqdim etməli, maarifləndirmə işini elə qurmalıyıq ki, sosial şəbəkələrdə keçirilən vaxtın əvəzinə kitab oxumaq, yeni biliklər əldə etmək, maraqlı məzmun yaratmaq və digər faydalı fəaliyyətlər təşviq olunsun.

Şübhəsiz ki, bu gün uşaqlar və yeniyetmələr internetdən geniş istifadə edirlər. Məktəblərdə verilən bir çox tapşırıqların yerinə yetirilməsi də internet resurslarından istifadəni zəruri edir. Ona görə də məqsəd internetdən istifadənin qarşısını almaq deyil, onun daha səmərəli və təhlükəsiz istifadəsini təmin etməkdir".

O vurğulayıb ki, hətta 18 yaşından sonra da sosial şəbəkələrdən və rəqəmsal imkanlardan məqsədsiz istifadə insanın vətəndaş kimi formalaşmasına ciddi töhfə vermir. Buna görə də rəqəmsal düşüncə və rəqəmsal mədəniyyət uşaqlarda və gənclərdə daha erkən yaşlardan formalaşdırılmalıdır.

"Bugünkü çıxışlardan da cəmiyyətin bu məsələ ilə bağlı narahatlığını hiss etmək mümkündür. Lakin rəqəmsal reallıq yalnız təhdidlərdən ibarət deyil. Onun çox geniş və əhəmiyyətli müsbət tərəfləri də var.

Sevindirici haldır ki, insanlar artıq informasiyanın yalnız passiv istehlakçısı deyil, eyni zamanda onun istehsalçısına çevrilirlər. Bu isə rəqəmsal və texnoloji inkişafın yaratdığı mühüm dəyişikliklərdən biridir və insanlara yeni imkanlar açır.

Hesab edirəm ki, bu qanunun ictimai müzakirəsi ilə paralel olaraq media da öz fəaliyyət istiqamətlərini daha dəqiq müəyyənləşdirməlidir. Cəmiyyətin rəqəmsal savadlılığının artırılması, gənc nəslin qorunması və onlara yeni imkanların yaradılması istiqamətində ciddi fəaliyyət göstərilməlidir", - deyə o əlavə edib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31