Dmitri Kobitski: Ermənistandakı seçkilərdə gənclərin fəallığı gələcəyə inamın göstəricisidir – ÖZƏL

Olaylar.az xəbər verir ki, MDB Parlament Assambleyasının (PA) baş katibi Dmitri Kobitski İrəvanda keçirdiyi mətbuat konfransında iyunun 7-də baş tutan parlament seçkilərini şərh edərkən xüsusilə gənclərin səsvermədəki fəallığını yüksək qiymətləndirib və bunu sabahkı günə olan inamın rəmzi adlandırıb. 

Missiyanın 43 müşahidəçi ilə 100-dən çox məntəqədə monitorinq apardığını bildirən Kobitski, seçkilərin texniki təşkilatçılığını və qanunvericiliyin beynəlxalq standartlara uyğunluğunu müsbət dəyərləndirib. Bununla yanaşı, o, fiziki məhdudiyyətli şəxslər üçün məntəqələrdə lazımi şəraitin olmamasını və evdə səsvermə sisteminin yoxluğunu ciddi nöqsan kimi qeyd edib. 

Təşviqat dövründə çoxsaylı həbs, saxlanılma və qarşılıqlı təhqirlərin müşahidə olunduğunu vurğulayan Kobitski, son illərdə heç bir MDB ölkəsində bu dərəcədə ağır və gərgin seçki kampaniyası görmədiyini bildirib. Sonda o, seçki münasibətilə Ermənistan xalqını təbrik edərək, bu seçimin ölkəyə rifah və inkişaf gətirməsini arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31