Məcburi köçkünlərə sosial dəstək siyasəti davam etdirilir

Yaşayış sahələri onların mülkiyyətinə veriləcək

Ölkənin ali qanunvericilik orqanında "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə mərhələsindədir. Sözügedən  qanunlara edilən dəyişikliklərin əsas mahiyyəti məcburi köçkün statusunun və həmin statusla bağlı sosial təminatların yeni reallıqlara uyğunlaşdırılmasıdır. Xüsusilə, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi nəzərə alınaraq müəyyən edilmişdir ki, məcburi köçkün statusu daimi xarakter daşımır və şəxsin daimi yaşayış üçün öz əvvəlki yaşayış yerinə qayıtması ilə həmin statusa ehtiyac aradan qalxa bilər. Məhz bu amil nəzərə alınaraq məcburi köçkün statusunun verilməsi, saxlanılması və xitam verilməsi qaydaları daha dəqiq müəyyənləşdirilir. Daha dəqiq, işğaldan azad edilmiş ərazilərə könüllü və təhlükəsiz qayıdan şəxslərin məcburi köçkün statusunun dayandırılması mexanizmi yaradılır. Məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərinin (kommunal güzəştlər, müavinətlər və s.) həmin statusla əlaqələndirilməsi dəqiqləşdirilir. Qanunvericilik digər normativ aktlara, o cümlədən miqrasiya və qeydiyyat sahəsindəki qanunlara uyğunlaşdırılır.

"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna təklif olunan dəyişikliyə görə işğaldan azad edilmiş ərazilərə köçürülən və ya köçürülmə təklifini qəbul etməyən şəxslər (imtina edənlər) məcburi köçkün statusunu itirəcəklər. Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün isə status qanunun qüvvəyə mindiyi tarixdən etibarən başa çatmış hesab olunacaq. Məcburi köçkün statusu başa çatdıqdan sonra sosial müdafiə tədbirləri həm köçürülən, həm də köçürülmədən imtina edənlər üçün 3 il müddətində davam etdiriləcək. Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün bu müddət onların köçürüldüyü tarixdən hesablanacaq. Göründüyü kimi məcburi köçkün statusu və ona tətbiq olunan xüsusi sosial dəstək mexanizmləri müvafiq qanunvericilik çərçivəsində yenidən tənzimlənir. 

Xatırladaq ki, məcburi köçkün ailələri uzun illər dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin başlaması ilə əlaqədar qanunvericilikdə dəyişikliklər edilmiş, məcburi köçkün statusunun verilməsi və həmin statusla bağlı sosial təminatların tətbiqi yeni şəraitə uyğunlaşdırılmışdır. Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004 - 2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb,  Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam verilib, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 11 qanun qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" qəbul edilib. 2007-ci ildə 12 çadır düşərgəsi  və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələri ləğv edilib, 16 fin tipli qəsəbədən sonuncusu isə 2016-ci ildə ləğv edilib. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək istifadəyə verilib. Beləliklə, 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Vahid aylıq müavinət də daxil olmaqla, müxtəlif sosial müdafiə tədbirləri vasitəsilə məcburi köçkün ailələrinə uzun illər ərzində dövlət dəstəyi göstərilib. Təhsil sahəsində tətbiq olunan dəstək tədbirləri məcburi köçkün ailələrindən olan gənclərin təhsil imkanlarının qorunmasına və inkişafına töhfə verib. 2025/2026-cı tədris ilində ödənişli əsaslar ilə yeni qəbul olmuş 3 923 məcburi köçkün statuslu tələbənin təhsil xərcləri dövlət tərəfindən qarşılanmaqdadır. Məcburi köçkün ailələri uzun illər ərzində dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə yeni yaşayış qəsəbələri və yaşayış kompleksləri inşa edilmiş, sosial infrastruktur yaradılmış, müxtəlif dövlət proqramları qəbul olunmuşdur.

Proseslərə yeni baxışda da dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən sosial dəstək siyasəti davam etdirilir. Ünvanlı sosial yardım, məşğulluq proqramları, təhsil və digər məcburi köçkün statusuna bağlı olmayan sosial müdafiə mexanizmləri qüvvədə qalır. Belə ki, Böyük Qayıdış çərçivəsində daimi yaşayışın təmin edilməsi, sosial-iqtisadi reinteqrasiya, mülkiyyət hüquqlarının genişləndirilməsi və sosial dəstək mexanizmlərinin yeni mərhələyə uyğunlaşdırılması təmin ediləcək. Daimi yaşayış üçün öz doğma yurdlarına qayıdan şəxslər üçün məcburi köçkün statusuna ehtiyac aradan qalxdığından, qanunlarda bu statusun dayandırılması mexanizmləri müəyyən edilmişdir. Yeni sənədə əsasən  azad edilmiş ərazilərə köçən məcburi köçkünlərin daimi yaşayış sahələri ilə təmin olunması, yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi, təhsil haqlarının təhsil müddətinin sonunadək dövlət tərəfindən ödənilməsinin davam etdirilməsi təmin ediləcək. 

Qürurverici haldır ki, öz doğma evlərinə qayıdan soydaşlarımız artıq məcburi köçkün hesab edilmir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu böyük problem tam olaraq həllini tapmaqdadır. Lakin, hələ də həllini gözləyən qaçqın məsələsi var ki, onun çözüləcəyi vaxt uzaqda deyil. Qərbi Azərbaycandakı yurd-yuvasından qovulmuş soydaşlarımızın da öz evlərinə dönməsi üçün imkanlar axtarılır. Belə ki, Ermənistandan müxtəlif dövrlərdə deportasiya edilmiş və ya qovulmuş azərbaycanlıların (Qərbi Azərbaycan mənşəli qaçqınların) qayıdışı istiqamətində son illərdə bir sıra siyasi, hüquqi və diplomatik addımlar atılmışdır. Qərbi Azərbaycan İcması tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanmış və təqdim edilmişdir. Konsepsiyada azərbaycanlıların öz ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasının prinsipləri müəyyənləşdirilmişdir. Qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması məqsədilə müxtəlif beynəlxalq təşkilatlara müraciətlər edilmiş, deportasiya olunmuş azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsi beynəlxalq gündəmə çıxarılmışdır. Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı ilə bağlı elmi-tədqiqat və analitik hesabatlar hazırlanmış, beynəlxalq ictimaiyyətə təqdim edilmişdir. Bu məqsədlə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Qərbi Azərbaycan İcması tərəfindən xüsusi məruzələr təqdim olunmuşdur. Qərbi azərbaycanlıların qayıdış məsələsi Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin tərkib hissəsi kimi beynəlxalq görüşlərdə və müzakirələrdə gündəmə gətirilmişdir. Bu istiqamətdə 2023-cü ildə Brüsseldə keçirilən yüksək səviyyəli görüşlərdə təhlükəsiz və ləyaqətli qayıdış məsələsinin müzakirə olunduğu bildirilmişdir. Hazırda deportasiya faktlarının, tarixi-mədəni irsin və azərbaycanlıların hüquqlarının sənədləşdirilməsi istiqamətində layihələr həyata keçirilir, arxiv materialları və tarixi məlumatlar toplanır. Heç şübhəsiz ki, dövlətimiz yaxın vaxtlarda həm də qaçqınların öz evlərinə dönməsi sevincini bizə yaşadacaq. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31