"Aİ Rusiyanın yerini tam doldurmaqdan çox, Ermənistana alternativ iqtisadi dayaqlar yarada bilər”-İqtisadçıdan açıqlama- ÖZƏL
15:58 SiyasətAvropa İttifaqı Rusiyanın artan iqtisadi təzyiqi fonunda Ermənistana dəstəyini artırmağa hazır olduğunu bəyan edib. Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşdə ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər. Brüssel həmçinin Ermənistanın region ölkələri ilə ticarət və enerji əlaqələrinin gücləndirilməsinə dəstək verəcəyini bildirib.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Aİ nəzəri olaraq Ermənistanın Rusiya bazarından asılılığını azaltmağa kömək edə bilər, amma qısa və orta müddətdə Rusiyanı tam əvəz etməsi çox çətin görünür. Ermənistanın ixracının əhəmiyyətli hissəsi Rusiyaya yönəlir və xüsusilə kənd təsərrüfatı məhsulları, qida, içkilər və emal sənayesi məhsulları üçün Rusiya həm coğrafi yaxınlıq, həm logistika, həm də tanış bazar baxımından əlverişlidir.
Aİ Ermənistan məhsullarına daha geniş çıxış verə, tarif və texniki maneələrin azaldılmasına kömək edə, investisiyalar ayıra və istehsalçıların Avropa standartlarına uyğunlaşmasını maliyyələşdirə bilər. Lakin burada əsas problem ondan ibarətdir ki, Avropa bazarı daha rəqabətlidir və ciddi keyfiyyət, sanitar və fitosanitar tələblər qoyur. Rusiyaya rahatlıqla ixrac olunan bir çox məhsulun Aİ bazarına daxil olması üçün əlavə investisiyalar və sertifikatlaşdırma tələb olunur.
Digər tərəfdən, Ermənistanın Rusiyaya ixrac etdiyi məhsulların həcmini Aİ bazarında eyni sürətlə satmaq da asan deyil. Bunun üçün yeni distribütor şəbəkələri, logistika marşrutları və alıcı bazası formalaşdırılmalıdır. Bu isə illər tələb edən prosesdir.
Aİ daha çox maliyyə yardımı, kreditlər, infrastruktur layihələri, enerji sahəsində əməkdaşlıq və bazara çıxış imkanları təqdim edə bilər. Bu, Ermənistanın iqtisadi zərbəni yumşaltmasına kömək edər. Amma əgər Rusiya birdən-birə iqtisadi əlaqələri ciddi şəkildə məhdudlaşdırsaydı, Aİ-nin qısa müddətdə bütün itkiləri kompensasiya etməsi real görünmür. Daha doğru qiymətləndirmə odur ki, Aİ Rusiyanın yerini tam doldurmaqdan çox, Ermənistanın uzunmüddətli perspektivdə alternativ iqtisadi dayaqlar yaratmasına kömək edə bilər. Bu keçid dövründə isə Ermənistan iqtisadiyyatı müəyyən çətinliklərlə üzləşə bilər".
Zeynəb Mustafazadə