NATO-nun Ankara Zirvəsi: Türkiyənin diplomatik gücü və regional liderlik missiyas ÖZƏL

Ankarada 7-8 iyul tarixlərində keçiriləcək 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ilə əlaqədar paytaxtın bir sıra rayonlarında xüsusi tədbirlər planı tətbiq olunacaq. Ankara valisi Yakup Canbolatın imzaladığı sərəncama əsasən, Altındağ, Çankaya, Etimesgut, Gölbaşı, Keçiören, Mamak, Pursaklar, Sincan və Yenimahalle rayonlarında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, zirvə ilə bağlı kritik sahələrdə çalışanlar istisna olmaqla, 6-12 iyul tarixlərində inzibati məzuniyyətə buraxılacaq.

NATO Zirvəsinin Ankarada keçirilməsi Türkiyənin alyans daxilindəki rolunu necə göstərir? Zirvə regionun təhlükəsizlik gündəminə hansı yeni məsələləri çıxara bilər? Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
" NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsinin Türkiyənin paytaxtı Ankarada keçirilməsi və şəhərdə misilsiz təhlükəsizlik tədbirlərinin tətbiq olunması rəsmi Ankara üçün sıradan bir ev sahibliyi deyil, ölkənin alyans daxilindəki əvəzolunmaz strateji çəkisinin və qlobal təhlükəsizlik arxitekturasındakı mərkəzi rolunun növbəti təsdiqidir. İkinci ən böyük orduya sahib olan Türkiyə bu sammitlə sadəcə hərbi güc tərəfdaşı olmadığını, həm də alyansın gələcək vizyonunu formalaşdıran əsas siyasi-diplomatik qərar qəbuletmə mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir. Qərb ilə Şərq, Şimal ilə Cənub arasında geosiyasi körpü rolunu oynayan Türkiyənin belə bir kritik dövrdə bütün müttəfiq liderləri öz paytaxtında toplaması onun beynəlxalq münasibətlər sistemindəki ali nüfuzunun və diplomatik qüdrətinin bariz göstəricisidir.
Ankara Zirvəsi qlobal və regional təhlükəsizlik gündəminə tamamilə yeni və prinsipial məsələlər çıxarmaq potensialına malikdir. Xüsusilə Ukrayna böhranı, Qara dənizin təhlükəsizliyi, Yaxın Şərqdəki qeyri-sabitlik və terrorizmlə mübarizə kimi taleyüklü mövzular Türkiyənin moderatorluğu ilə masaya yatırılacaq. Ankara həm Şərqi Avropadakı tarazlığı, həm də cənub cinahındakı təhdidləri eyni dərəcədə idarə edə bilən yeganə NATO paytaxtı olaraq, alyansın terrorizmlə mübarizə strategiyasını daha kəsərli formaya salmağa nail ola bilər. Eyni zamanda, enerji marşrutlarının təhlükəsizliyi və qlobal logistik dəhlizlərin qorunması məsələsində Türkiyənin təqdim edəcəyi unikal həllər və təşəbbüslər NATO-nun gələcək müdafiə konsepsiyasının əsas sütunlarını təşkil edəcəkdir.
Türkiyənin NATO daxilində son illərdə sürətlə artan diplomatik fəallığı beynəlxalq analitiklər tərəfindən çox yüksək və strateji bir gediş olaraq qiymətləndirilir. Ankara artıq yalnız öz təhlükəsizliyini təmin edən passiv bir üzv deyil, regionda və qlobal miqyasda sülhün, sabitliyin əsas təminatçısı kimi çıxış edən proaktiv liderdir. Türkiyə regional böhranlarda balanslı, lakin prinsipial siyasət yürütməklə, lazım gəldikdə həm hərbi qətiyyət, həm də uzaqgörən diplomatiya nümayiş etdirərək alyans daxilində öz milli maraqlarını ən ali səviyyədə müdafiə edir. Bu zirvə çərçivəsində tətbiq olunan genişmiqyaslı təşkilati idarəçilik və dövlət qurumlarının fəaliyyətinin optimallaşdırılması planı isə Türkiyə dövlətinin irimiqyaslı qlobal tədbirlərə yüksək idarəetmə və təhlükəsizlik standartları ilə tam hazır olduğunu nümayiş etdirərək, onun güclü dövlət institutlarına malik olduğunu bir daha sübut edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31