"Türkiyə həm hərbi gücü, həm də siyasi çəkisi ilə NATO-nun əsas qərarverici üzvüdür" – ÖZƏL

"NATO Zirvəsinin Türkiyədə keçirilməsi əslində ölkə üçün çox böyük hadisədir. Çünki bu zirvə uzun illərdən sonra yenidən Türkiyədə təşkil olunur. Eyni zamanda, Türkiyənin NATO-dakı mövqeyi və gələcək perspektivləri baxımından da mühüm əhəmiyyət daşıyır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu gün NATO müəyyən problemlərlə üz-üzədir. Alyansa üzv ölkələr arasında bəzi məsələlərdə fikir ayrılıqları müşahidə olunur. Xüsusilə ABŞ-nin həm hərbi, həm də maliyyə baxımından alyans daxilində üstün mövqedə olması və digər üzvlərdən müdafiə xərclərini artırmağı tələb etməsi NATO daxilində yeni müzakirələrə səbəb olur. Avropa ölkələrinin təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırması zərurəti də yeni qərarların qəbulunu aktuallaşdırır. Buna görə də zirvədə NATO-nun gələcək fəaliyyəti ilə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Digər tərəfdən, Türkiyənin NATO daxilində rolu kifayət qədər böyükdür. Məlum olduğu kimi, Türkiyə ABŞ-dən sonra alyansın ikinci ən böyük ordusuna malikdir. Bu da onun NATO daxilində mühüm söz sahibi olduğunu göstərir. Türkiyə həm hərbi gücü, həm də siyasi çəkisi ilə NATO-nun əsas qərarverici üzvlərindən biri hesab olunur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi dövründə Türkiyənin oynadığı rol bunu bir daha nümayiş etdirdi. Türkiyə həm NATO və Qərb, həm də Rusiya ilə münasibətlərdə müəyyən balansı qorumağa çalışan ölkələrdən biri oldu. Müharibə NATO daxilində mövcud olan bəzi problemləri də daha aydın şəkildə üzə çıxardı.

Ekspert qeyd edib ki, bu gün Türkiyə həm Yaxın Şərqdə, həm də qlobal siyasətdə mühüm aktor kimi çıxış edir. Onun regional və beynəlxalq məsələlərdə tutduğu mövqe NATO daxilində qəbul edilən qərarlara da təsir göstərir. Bu baxımdan, zirvədə müzakirə olunacaq məsələlərdə və qəbul ediləcək qərarlarda Türkiyənin mövqeyi xüsusi əhəmiyyət daşıyacaq. Türkiyənin NATO daxilindəki təsiri kifayət qədər böyükdür. Ölkə həm Rusiya-Ukrayna müharibəsi dövründə həyata keçirdiyi siyasətlə, həm Yaxın Şərq strategiyası ilə, həm də təhlükəsizlik sahəsindəki fəaliyyəti ilə bunu nümayiş etdirib. Həm hərbi güc, həm kibertəhlükəsizlik, həm də digər təhlükəsizlik məsələlərində Türkiyə mühüm rol oynayan dövlətlərdən biridir. Bu səbəbdən NATO Zirvəsinin Türkiyədə keçirilməsi yalnız təşkilati baxımdan deyil, həm də Türkiyənin alyans daxilindəki nüfuzunun və təsir imkanlarının nümayişi baxımından əhəmiyyətlidir. Eyni zamanda, zirvədə qəbul olunacaq qərarların formalaşmasında Türkiyənin mühüm rol oynayacağı gözlənilir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31