Ermənistanda seçki kampaniyasında öz ölkələrindən çox Azərbaycanın adı çəkilir- ÖZƏL

"Ermənistanda artıq başa çatmaq üzrə olan seçki kampaniyasında öz ölkələrindən çox Azərbaycanın adının çəkildiyini və azərbaycanlılara yanaşmada səsləndirilən bəzi açıqlamaları nəzərə alaraq, bir neçə kəlmə fikir bildirmək istəyirəm. Öncə onu deyim ki, bu seçkinin necə bitəcəyinə ən çox təsir göstərən nə kimlərinsə hibrid müdaxiləsi, nə də bu hibrid müdaxilənin qarşısını almağa çalışanların Nikol Paşinyana açıq dəstəyidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "7 iyun seçkisinin gündəliyini olduğu kimi, nəticəsini də müəyyənləşdirəcək bir nömrəli faktor cənab Prezidentin təbirincə desək, bütün ssenarilərə hazır olan Güclü Azərbaycandır. Ona görə də seçki kampaniyası boyu rəqibləri Paşinyanı Azərbaycanın diqtəsi ilə hərəkət etməkdə, o isə qarşı tərəfi ölkəni yeni savaşa sürükləmək və beləliklə, xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoymaqda suçlandırırdı. Və burada istər-istəməz sual yaranır: əgər Azərbaycan Ermənistandan qat-qat güclü olmasaydı, bizimlə sülh gündəliyini populist Paşinyan özünün əsas seçki platformasına çevirərdimi? Və elektoratı rəqibləri hakimiyyətə gələcəyi təqdirdə yenidən  savaşın başlayacağıyla qorxudardımı? 
Bilirsiniz, mən bu sualı elə-belə səsləndirmirəm. Azərbaycandilli virtual mühitdə  Nikol Paşinyanın tökülən qanları görüb ayılması və məhz bundan sonra bizimlə düşmənçiliyin onlara lazım gəlmədiyini anlaması haqda açıqlamalarının, eləcə də parlamentin sədri Alen Simonyanın təqribən eyni məzmunlu fikirlərinin necə böyük həvəslə təqdir edildiyini və artıq hər şeyin arxada qaldığı təəssüratı yarandığını, yaxud da yaradıldığını görürəm. Yəni qarşıdakının kimliyi unudulur. Elə son açıqlamasında Alen Simonyan bildirir ki, o, ikinci Qarabağ savaşı zamanı Azərbaycanın qarşısını kəssinlər deyə Moskvaya ayaq öpməyə gedibmiş. Bu ayaq öpmək onun öz sözüdür, mənim deyil. Yaxşı, birdən o ayaq öpməyə getdiyi yerdəkilər 90-cı illərin əvvəlindəki kimi onların yerinə vuruşmağa razı olsaydılar necə, Paşinyanla Simonyanın bizə yanaşmaları Köçəryanla Karapetyanınkından çoxmu fərqlənəcəkdi? Paşinyan həmin Köçəryanla Karapetyanı Ermənistandan deportasiya olunan azərbaycanlıların yurdlarına qayıdış məsələsini siyasi gündəmə çıxarmaqda ittiham edir. Bu baxımdan o, düz 600 il azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmək arzusu ilə yaşadıqlarını etiraf edən keçmiş ustadı, nasist Levon Ter-Petrosyanı təkrarlamırmı? 
Ümumiyyətlə, məqsədə çatmaq üçün ayaq öpməyi özlərinə rəva bilənlər və bunu utanmadan dilə gətirənlər Azərbaycanla sülhə əlacsızlıqdan yaranan bir zərurət, həm də müvəqqəti bir zərurət kimi baxmırlarsa, əlaltından niyə silahlanır və münaqişənin ilk qurbanlarının öz yurdlarına dönüşünə nədən bu qədər qarşı çıxırlar?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31