Enerji sisteminin gələcək arxitekturasını müəyyən edən strateji doktrina- ÖZƏL
11:28 Siyasət"Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki konseptual və dərin məzmunlu çıxışı mahiyyət etibarilə qlobal enerji sisteminin gələcək arxitekturasını müəyyən edən strateji bir doktrinadır". "Olaylar" xəbər verir ki, bunu YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov deyib: "Möhtərəm dövlət başçımız beynəlxalq auditoriya qarşısında hazırkı dünya nizamının real mənzərəsini ortaya qoyaraq bəzi siyasi və ekoloji dairələrin reallıqdan uzaq çağırışlarına obyektiv cavab verdi. Bu gün planetin nəhəng sənaye kompleksləri, qlobal tədarük zəncirləri və milyardlarla insanın gündəlik həyatı birbaşa ənənəvi resurslardan asılıdır və reallıq budur ki, dünya hələ uzun müddət faydalı qazıntılar olmadan yaşaya bilməz. Azərbaycan yaşıl enerji keçidini prioritet elan etsə və alternativ mənbələrə böyük investisiyalar yönəltsə də, mövcud karbohidrogen ehtiyatlarının hasilatını qlobal enerji təhlükəsizliyinin və iqtisadi sabitliyin ən mühüm qarantı kimi idarə edir. Bu balanslaşdırılmış yanaşma ölkəmizin beynəlxalq arenadakı praqmatik və rasional liderlik fəlsəfəsini bir daha nümayiş etdirir.
Azərbaycanın belə bir qlobal və prinsipial mövqe nümayiş etdirməsi, transmilli layihələrin hərəkətverici qüvvəsinə çevrilməsi təbii ki, onun daxili gücü, sarsılmaz makroiqtisadi təməlləri sayəsində mümkündür. Ölkəmizin strateji valyuta ehtiyatlarının mövcud xarici borcumuzu 18 dəfədən çox üstələməsi sadəcə bir statistik uğur deyil, dövlətimizin tam iqtisadi suverenliyinin və maliyyə müstəqilliyinin rəsmi bəyanıdır. Müasir dünyada kənar maliyyə institutlarından asılı olmayan, qlobal iqtisadi təlatümlərə qarşı bu dərəcədə güclü immunitet formalaşdıran ölkələrin sayı olduqca azdır. Belə bir möhkəm maliyyə bazası Azərbaycana imkan verir ki, heç bir xarici təzyiqə boyun əymədən, öz milli maraqlarına uyğun qərarlar qəbul etsin və irimiqyaslı investisiya layihələrini təkbaşına uğurla icra etsin".