Əkbər Qoşalı: "ABŞ-İran yaxınlaşması tam normallaşma yox, böhranın idarə olunmasıdır" – ÖZƏL

Məlumata görə, İran və ABŞ arasında dörd mərhələli müvəqqəti razılaşma üzrə danışıqlar yekunlaşmaq üzrədir. Razılaşma atəşkəsin möhkəmləndirilməsi, regionda gərginliyin azaldılması, Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi, sanksiyaların qismən yumşaldılması və İranın nüvə proqramı ilə bağlı məsələlərin mərhələli şəkildə müzakirəsini nəzərdə tutur.

"İran və ABŞ arasında belə bir keçici razılaşmanın əldə olunması, hər şeydən öncə, Yaxın Şərqdə son illərdə ən yüksək həddə çatmış qarşıdurma risklərinin müəyyən qədər nəzarət altına alınması cəhdi kimi qiymətləndirilə bilər. Bu, hələ yekun sülh və ya strateji anlaşma olmasa da, tərəflərin "idarəolunan gərginlik" modelinə qayıtmaq istədiyini göstərən önəmli siyasi siqnaldır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Yaxın Şərq qlobal enerji təhlükəsizliyinin, beynəlxalq ticarət marşrutlarının və böyük güclərin geosiyasi rəqabətinin kəsişdiyi strateji coğrafiyadır. Bu baxımdan, Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı hər hansı razılaşma dünya iqtisadiyyatına da birbaşa təsir edən amildir. Çünki dünya neft tədarükünün mühüm hissəsi məhz bu boğazdan keçir. Əgər razılaşmanın ilk mərhələləri uğurla icra olunarsa, bu, bölgə ölkələrinin təhlükəsizlik narahatlıqlarını qismən azalda, enerji bazarlarında sabitlik yarada və diplomatik kanalların yenidən aktivləşməsinə imkan verə bilər. Lakin burada bir məqamı da unutmaq olmaz: Yaxın Şərqdə problemlər yalnız Vaşinqton və Tehran arasındakı münasibətlərlə məhdudlaşmır. İsrail amili, Körfəz ölkələrinin maraqları, Türkiyənin regional rolu, eləcə də Çin və Rusiyanın bölgədə artan təsiri bu prosesin nəticələrinə birbaşa təsir göstərəcək.

"Nüvə proqramı ilə bağlı son mərhələyə gəldikdə isə, bu, razılaşmanın ən mürəkkəb və ən həssas hissəsidir. Çünki tərəflər arasında əsas güvənsizlik məhz burada toplaşıb. ABŞ İranın nüvə imkanlarının hərbi komponentə çevrilməsindən ehtiyat edir, İran isə öz növbəsində Qərbin siyasi təzyiq və sanksiya mexanizmlərindən rahatsızdır. Uzunmüddətli əməkdaşlığın formalaşması nəzəri baxımdan mümkündür, lakin bunun üçün təkcə texniki nüvə razılaşmaları yetərli olmayacaq. Tərəflər arasında strateji güvən mühiti yaranmalı, bölgədəki proksi qarşıdurmalar azalmalı və qarşılıqlı öhdəliklərin icrasına təminat verilməlidir. Son onilliklərin təcrübəsi göstərir ki, İran-ABŞ münasibətlərində ən böyük problem əldə olunmuş razılaşmaları davamlı saxlamaqdır", - deyə türkoloq qeyd edib.

Ə. Qoşalının fikrincə, hazırkı mərhələdə söhbət tam normallaşmadan yox, qarşıdurmanın idarə olunmasından gedir. Əgər tərəflər keçici razılaşmanı strateji dialoqun başlanğıc nöqtəsinə çevirə bilsə, o zaman gələcəkdə daha geniş əməkdaşlıq imkanları yarana bilər. Ancaq yaxın perspektivdə Vaşinqtonla Tehran arasında tam güvənin formalaşacağını gözləmək hələ tezdir. Bu səbəbdən, sözügedən razılaşma mümkün böhranın qarşısını almağa yönəlmiş praqmatik və ehtiyatlı diplomatiya örnəyi kimi görünür. Yaxın Şərqin taleyi isə yenə də tərəflərin nə qədər sözünün arxasında duracağından və bölgədəki digər aktorların bu prosesə necə reaksiya verəcəyindən asılı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31