Milli Kibertəhlükəsizlik Forumu: Çağırışlar, əməkdaşlıq və yeni imkanlar- ÖZƏL

Bakıda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə "4-cü Milli Kibertəhlükəsizlik Forumu" keçirilir. Tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə baş tutur. Forumda dövlət qurumları, özəl sektor nümayəndələri, beynəlxalq tərəfdaşlar, texnologiya şirkətləri və ekspertlər iştirak edirlər. Tədbirdə kibertəhlükəsizlik sahəsində mövcud çağırışlar, gələcək perspektivlər və əməkdaşlıq imkanları müzakirə olunur.

Milli Kibertəhlükəsizlik Forumunun keçirilməsi Azərbaycanın rəqəmsal təhlükəsizlik siyasəti baxımından nə qədər əhəmiyyətlidir? Müasir dövrdə Azərbaycan üçün əsas kiber təhlükələr hansılardır?     Azərbaycanın kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı hansı üstünlükləri yaradır? Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı,
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Olaylar.az-a açıqlama verib:
" Belə bir forumun keçirilməsi bir neçə səbəbdən kritik əhəmiyyət daşıyır. Birincisi, dövlət-özəl sektor sinergiyası yaranır. Dövlət qurumları, texnologiya şirkətləri və beynəlxalq tərəfdaşların bir platformada birləşməsi vahid kibertəhlükəsizlik ekosistemi formalaşdırır. İkincisi, müxtəlif qurumların strategiyalarını harmonize etmək üçün zəmin yaranır. Üçüncüsü, Azərbaycanın həm regional, həm də qlobal kibertəhlükəsizlik gündəmindəki görünürlüyünü artırır.
Milli Kibertəhlükəsizlik Forumunun keçirilməsi Azərbaycanın rəqəmsal təhlükəsizlik siyasəti baxımından böyük əhəmiyyət daşıyır. Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə kibertəhlükəsizlik dövlətlərin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Bu forum dövlət qurumları, özəl sektor nümayəndələri, beynəlxalq tərəfdaşlar və ekspertlər arasında əməkdaşlığın güclənməsinə xidmət edir. Tədbir kibertəhlükəsizlik sahəsində mövcud problemlərin və yeni çağırışların müzakirəsi üçün vacib platforma yaradır. Eyni zamanda, qabaqcıl təcrübələrin və innovativ həllərin paylaşılmasına imkan verir. Bu cür tədbirlər milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasına və güclənməsinə töhfə verir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31