Sülh müqaviləsinə doğru: Ermənistan seçkiləri regionun gələcəyini müəyyənləşdirə bilər- ÖZƏL
17:05 Siyasət"Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Cənubi Qafqazın geosiyasi mənzərəsində yeni bir mərhələnin başlanması ehtimalı yüksəkdir. Bu, region ölkələri üçün daha sabit və proqnozlaşdırılan mühitin formalaşmasına da töhfə verə bilər.
Proseslər gözlənildiyi kimi inkişaf edərsə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi sürətlənəcək".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Sülh müqaviləsinin mətninin böyük hissəsi artıq tərəflər arasında razılaşdırılıb. Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin seçkilərdə qələbə qazanması və hökumətin mövcud razılaşmalara sadiq qalması fundamental məsələlər üzrə də prinsipial razılıqların əldə olunmasına şərait yarada bilər.
Bu çərçivədə dövlət sərhədinin delimitasiya və demarkasiya prosesinin yekunlaşdırılması, eləcə də nəqliyyat və kommunikasiya xətlərinin tam şəkildə açılması istiqamətində mühüm irəliləyişlərin əldə olunacağı gözlənilir.
Bununla yanaşı, Ermənistandakı daxili siyasi gərginlik və mümkün növbədənkənar seçki ssenariləri sülh prosesinin tempinə birbaşa təsir göstərə bilər. Çünki Ermənistanda revanşist qüvvələr və kilsə Nikol Paşinyan hakimiyyətinə qarşı müəyyən müqavimət göstərməyə çalışırlar. Bu qüvvələr regionda uzunmüddətli sabitliyin və normallaşma prosesinin qarşısında duran əsas maneələrdən biri hesab edilir.
Buna görə də proseslər gözlənildiyi kimi davam edərsə, Azərbaycan və Ermənistan arasında təmaslar daha intensiv və rəsmi xarakter alacaq. Bu isə Cənubi Qafqazda uzun illər davam etmiş qarşıdurma və müharibə dövrünün geridə qalmasına zəmin yaradacaq.
Azərbaycan sülh prosesində ikitərəfli formatın qorunmasına üstünlük verir və hesab edir ki, məsələlərin kənar müdaxilələr olmadan, birbaşa dialoq yolu ilə həlli daha səmərəli nəticələr verəcək.
Bundan əlavə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması və tərəflər arasında əvvəlcədən razılaşdırılmış məsələlərin həll edilməsi sülh müqaviləsinin imzalanmasını əhəmiyyətli dərəcədə yaxınlaşdıracaq.
Bu baxımdan seçkilərdən dərhal sonra yekun sülh müqaviləsinin imzalanmasından daha çox, onun əsas prinsiplərini müəyyən edən çərçivə sənədlərinin dəqiqləşdirilməsi və yekun detalların razılaşdırılması prosesinin sürətlənməsi gözlənilir".
Zeynəb Mustafazadə